İtkin düşmüş şəxsin cəsədi Google vasitəsilə tapıldı

22 il əvvəl itkin düşmüş ABŞ-ın Florida ştatının sakini, 40 yaşlı Uilyam Moldtun cəsədi təsadüf nəticəsində “Google Earth” xidməti vasitəsilə aşkar olunub.

Milletinsesi.az chip.az-a istinadən bildirir ki, U.Moldtla 1997-ci ildən bəri əlaqə yaratmaq mümkün olmayıb. Onun axtarışları da nəticə vermədiyindən itkin düşmüş hesab edilib.

Bu ilin avqust ayının sonlarında Leyk-Uort şəhərinin sakinlərindən biri “Google” xəritə proqramı vasitəsilə təsadüfən öz evinin yaxınlığındakı gölməçədə batmış avtomobili görüb. Bu barədə o, polisə də məlumat verib.

Avtomobil gölməçədən çıxarılıb və içərisində insan skeleti aşkar olunub. Bir həftəlik ekspertiza müayinəsindən sonra skeletin itkin düşmüş Moldta aid olduğu üzə çıxıb.

Polisin ehtimalına görə, U.Moldt avtomobilin idarəetməsini itirib və onu gölməçəyə salıb.

Share: