“Azərbaycanlılara qarşı törədilən cinayətlərin  iştirakçıları cəzasız qalmamalıdırlar”

“Prezident İlham Əliyevin “Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi . Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq” çağırışı keçilən yolun, eyni zamanda, Azərbaycanın hər bir hədəfə zamanında nail olmasının təqdimatıdır.  Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqların müəllifi kimi dünyanın diqqətindədir. Bu reallıqların mühüm tərkib hissələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə  bərpa-quruculuq işlərinin aparılması, digər mühüm tərəfi isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə təklif edilən sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın sülh təklifi həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. 30 illik işğal dövründə  ermənilərin törətdikləri faciələrə, ən əsası sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması nəticəsində 3 mindən artıq şəhidimizin olmasına baxmayaraq, Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Təbii ki, bu təklif heç zaman bu anlama gəlmir ki,  xalqımız yaşananları unudub, yaxud unudacaq. Amma regionda davamlı sülhün təmin edilməsi üçün belə bir addımın atılması qaçılmazdır. Amma Ermənistanın havadarlarının dəstəyinə arxalanaraq hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışdığı göz qabağındadır. Hazırda günün əsas müzakirə mövzularından olan “humanitar yardım” böhranı şousu da bunun təsdiqidir”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu kimi məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha  bugünlərdə 49  ölkədən 150  qonağın iştirak etdiyi Şuşa Qlobal Media Forumunda açıqladı.  Laçın-Xankəndi yolunda  nəzarət-buraxılış məntəqəsinin qoyulmasını postmünaqişə dövründə mühüm mərhələ kimi dəyərləndirən  Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın atılmasını şərtləndirən amilləri də diqqətə çatdırdı.

Reallıq budur ki, Azərbaycanın öz suveren ərazisində Laçın sərhəd-buraxılış məntəqəsini qurması qanunsuz silah daşınmasının qarşısını almaqla yanaşı, terrorçuların qanun qarşısında cavab verməsini də təmin edəcək. Bunu son günlərin hadisələri də təsdiqləyir. Aprelin 23-də yaradılan  buraxılış keçid məntəqəsindən istifadə   iyunun 15-də  Ermənistanın növbəti təxribatı nəticəsində bir Azərbaycan hərbçisinin  yaralanmasından sonra dayandırıldı. Vəziyyəti  siyasiləşdirməyə çalışan Ermənistan Xankəndidə  guya “humanitar böhran” yarandığını iddia edərək  Azərbaycanın  ədalətli mövqeyini  dünyaya öz maraqları baxımından  çatdırmağa çalışır. Bu mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan  Xankəndidə yaşayan  ermənilərin ehtiyaclarının ödənilməsi üçün  Ağdam-Xankəndi yolunu təklif etsə də, Ermənistan bununla razılaşmır. Bu, artıq işğalçı dövlətin məqsəd-məramının nədən ibarət olduğunu açıqlamaqla yanaşı, “humanitar böhran” yalanını da ifşa edir.

Baş redaktor onu da əlavə edib ki,  Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın sərhəd-buraxılış məntəqəsindən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq faktlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün Laçın keçid məntəqəsini açıq saxlayır. İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı İlham Əliyevə telefon zəngində də əsas müzakirə olunan məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət oldu. Prezident İlham Əliyev bildirdi ki,  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərilməsi diqqətə çatdırılaraq o da əlavə edildi ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxır. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına maneçilik törətməyə çalışması qəbuledilməzdir.  Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlıdır və  bu məqsədlə Xocalıda birinci görüş keçirildi. İkinci görüş üçün isə Azərbaycan  təklifini təqdim edib.

Vüqar Rəhimzadə bildirib ki, bunları qeyd etməkdə məqsədimiz  bəllidir. Bu gün Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularına dəstək verərək Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini arxa plana keçirməyə çalışan bəzi qüvvələrə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırlatmaq məcburiyyətindəyik.  XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun davamı olaraq 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın digər ərazilərini – Gəncə şəhərini, Bərdə və Tərtər rayonlarını raket atəşinə tutaraq törətdikləri  terror hadisələrini xatırlasalar daha yaxşı olar.  Dünya erməni vəhşiliyinin nümunəsi olan  Xocalı soyqırımına göz yumdu. Hansı ki, Azərbaycan dövləti illərdir bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində səy göstərir. Rəsmi Bakı ən yüksək tribunalardan  dünyanı ikili standartlara əsaslanan siyasətə  son qoymağa çağırışlar edir.  30 illik işğal dövründə ermənilər Azərbaycan torpaqlarını   xarabalığa çevirdilər, tarixi və dini abidələrimizi yerlə-yeksan etdilər. Məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqına deyil, ümumilikdə  islam dünyasına hörmətsizlik etdilər. Hansı ki, bu gün İran Ermənistanın ən yaxın dostlarından biridir. İşğal dövründə Azərbaycanın sərvətləri talan edildi. Dünya yenə də seyrçi mövqedə dayanmaqda davam etdi. Amma bu gün erməni yalanlarını həqiqət kimi qəbul edən bəzi qüvvələr dərhal münasibət bildirir, regionda gərginliyin aradan qaldırılmasından bəhs edərkən Ermənistanın törətdiyi təxribatlardan yan keçərək çağırışlarının ünvanlarını sadəcə ümumi şəkildə ifadə edirlər.

Vüqar Rəhimzadə bu günlərdə  Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi ilə  müalicə üçün İrəvana getmək istəyən,  terrorçu Vaqif  Xaçaturyanın Laçın keçid məntəqəsində  saxlanılmasına münasibətində bildirib ki, bu, bir daha  30 ildə azərbaycanlılara  qarşı qətliamlar törədənlərin hər birinin    cəzalandırılacağını göstərir. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla, eyni zamanda, növbəti mərhələlərdə  Ermənistanda baş qaldıran revanşist qüvvələrə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları ilə dərs verməklə   gələcək üçün mesajlarını çatdırdı. Azərbaycana və azərbaycanlılara qarşı törədilən vəhşiliklərin, təxribatların iştirakçıları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar.

Mənbə

Share: