Hazırda ölkə ərazisində isti hava müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Milletinsesi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
“Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul edilməsi məsləhət görülür, uzun müddət açıq havada Günəş altında qalmaq tövsiyə olunmur”, – G.Məmmədova qeyd edib.