Rasim Balayev: “Arzu edirəm, kino işçilərimiz borclu qalmasınlar”

 

“Bu tək mənə yox, kinoya olan diqqət idi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunan Rasim Balayev deyib.

Xalq artisti qeyd edib ki, biz hər birimiz prezidentimizin etimadını doğrultmalıyıq:

“Cənab Prezident çox sağ olsun ki, işinin çox olduğu bir vaxtda mənə diqqət ayırdı. Bu tək mənə yox, kinoya olan diqqət idi. Arzu edirəm ki, kino işçilərimiz ona borclu qalmasınlar. Prezidentimizin etimadını doğrultmalıyıq. Bu münasibətinə görə yaxşı filmlər çəkməliyik. Düşünürəm ki, hər birimizin borcu kinomuzu inkişaf etdirməkdir”.

R.Balayev “İstiqlal” ordeni ilə təltif olunmasının gözlənilməz olduğunu dilə gətirib:

“Hissiyyatım az da olsa, var. Bilirdim ki, təltif olunacağam. Lakin “İstiqlal” ordeni ilə təltif olunacağımı bilmirdim. “İstiqlal” ordeni qiymətlidir. Təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Rasim Balayev 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

1976-cı ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı (“Atları yəhərləyin” bədii filmində “Səlim bəy” roluna görə) təqdim olunub. 1988-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Prezident İlham Əliyev bu gün Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

 

Share: