“Həddindən artıq çox sevinirəm, qürurlanıram. Oğlum İzzət yüksək balla İzmirdə universitetə qəbul olunub. O Türkiyəyə hazırlıq proqramı ilə (YÖS) hazırlaşdı. 10 universitet yazmışdı, onundan da müsbət cavab gəldi. Hətta burada da balı yüksək idi, adlı-sanlı universitetlərə düşürdü. Sadəcə olaraq Türkiyəni seçdik ki, oxuyub, yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtsın. Fəxr edirəm, sevincimin həddi-hüdudu yoxdur. Həddindən artıq çox sevinirəm. Elə bilirəm ki, yenidən anadan olmuşam. Biz heç vaxt ona deməmişik ki, İzzət, dur get dərsini oxu. O özü hər zaman çox məsuliyyətli olub. Qarşısına hələ uşaq ikən ali məktəbə qəbul olmağı məqsəd qoymuşdu. Hamı öz balası ilə fəxr edir, eləcə də mən İzzətlə həm də ona görə fəxr edirəm ki, mənim balam çox ağıllı, düşüncəli baladır. Ən əsası isə odur ki, o öz vətənini sevir. Hara da getsə deyir ki, öz vətənimdə gəlib işləyəcəm. Bəzən mən də ona deyirəm ki, get xaricdə kariyeranı qur, mənə etiraz edir ki, işimi öz ölkəmdə davam etdirəcəm. Hamıya bu hissi arzulayıram. İzzətin getdiyi kursa, Mircəlal, Günay müəllimə, həmçinin də onun üzərində əziyyət çəkən bütün müəllimlərinə, orta məktəb müəllimi Nəzakət xanıma təşəkkür edirəm”, – deyə əməkdar artist Moderator.az-a bildirib.
Xanəndə bildirib ki, oğlu üçün çox darıxacaq.
“İndidən elə darıxıram. Deyirlər ki, video ilə, skaypla danışacaqsan amma evdə onun qoxusunu almaq, onu qucaqlamaq üçün o qədər darıxacam ki. Ana-bala ikimiz də bir-birimizə çox bağlıyıq. Bir-birimizdən ayrı qala bilmirik. Danışanda kövrəlirəm, özümü saxlaya bilmirəm. Özüm də tez-tez yanına gedib-gələcəm”, – deyə sənətkar bildirib.
Əməkdar artist sənət planlarından da danışıb.
“Hələ ki, istirahətdəyik, amma buna baxmayaraq bir neçə mahnı üzərində çalışıram. Səs yazma studiyalarında oluram. Həm də istirahət edirəm. Yeni mövsümdən inşallah yeniliklərimlə sevənlərimi sevindirəcəm. Bir də çox istərdim ki, muğam, xanəndəlik sənəti ilə ciddi məşğul olsunlar. Bu sənətə barmaqarası baxmasınlar. Gənclər, tələbələr elə bizim ustad sənətkarlara baxıb, onlardan nümunə götürsünlər”, – deyə xanəndə bildirib.