Böyük qayıdışın yeni ünvanı: Füzuli doğma əhalisinə qovuşur

Bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə – 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

 

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

 

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.

 

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

 

Füzuliyə qayıdışla bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan bütün dünyaya sülhməramlı, yaradıcı və qurucu siyasətini bəyan edir:

 

“Azərbaycan xalqının vətənə bağlılığı, torpaq və yurd sevgisi bu məsələlərdə bir daha öz təsdiqini tapır. Cənab Prezidentimizin rəhbərliyi ilə inkifaf edən, güclü iqtisadiyyata malik Azərbaycan bütün dünyaya öz sülhməramlı, yaradıcı, qurucu siyasətini bəyan edir. Bunu o ərazilərə səfər edən bütün əcnəbi vətənaşlar, jurnalistlər, diplomatlar öz gözləri ilə görürlər. Onlar ermənilərin uzun müddət taladığı, dağıtdığı, Xirosimaya çevirdiyi  şəhərlərimizi, kəndlərimizi yenidən necə bərpa etməyimizə şahiddir. Quruculuq-abadlıq işləri gedir. Əvvəlkindən də çox-çox yüksək səviyyədə quruculuq işləri gedir. Ağalıda, Şuşada, Laçında, Ağdamda görülən işlər göz qabağındadır. Dünən cənab Prezidentimizin sərəncamı ilə Kəlbəcərdə işlərin geniş vüsət alması üçün 80 milyon manat yenidən büdcədən pul ayrıldı. Dövlət proqramı var. Bu proqram əsasında işğaldan azad olunmuş bütün ərazilərimzə qayıdışlar tədricən davam edir. Getdikcə geniş vüsət alır. 2026-ci ilə qədər yüz minlərlə insanımız bu ərazilərə, yəni doğma yurd-yuvalarına qayıdıb, yaşamağa başlayacaqlar. Bu ilk növbədə Azərbaycanın iqtisadi gücündən xəbər verir. Azərbaycan bu hərəkətləri ilə yaradıcı, qurucu, sülhsevər dövlət olduğunu bir daha nümayiş etdirir”

Deputat deyib ki, qayıdış prosesi həm də ermənilərin havadarlarına mesajdır:

 

“Ermənilərə və onları müdafiə edən bəzi dövlətlərə və qurumlara bu ciddi bir misaldır. Əgər onlar da erməni yalanına uyub boş-boş ifadələrə işlədib, bəyanatlar verirsə, biz onlara sual vermək istəyirik. Soruşmaq istəyirik ki, əgər bu torpaqlar doğrudan da, ermənilərdirsə, 30 il ərzində bu torpaqları niyə viran qoyurdular, niyə ərazilərə milyondan çox minalar basdırırdılar? Onlar da bu ərazilərdə quruculuqla məşğul olub, ev tikəydilər, bulaq çəkəydilər, ağac əkəydilər”.

 

Elman Məmmədov ermənilərə hamilik edən Fransaya da səslənib:

 

“Fransa,sən bizə demokratiyadan, ermənilərə görə insan hüquqlarından danışırsan. Axı sən uzun illərdir ki, Afrika xalqlarının qanını sorursan?! Bütün yeraltı sərvətlərlə zəngin Afrika ölkələrinin əhalisi bu gün ac-yalavac yaşayır. Bu ölkələrin əraziləri xarabalıqdır. Sən belə sülhsevərsənsə, yaradıcı, qurucusansa, bu ölkələri niyə bu günə qoymusan? Azərbaycanın gördüyü işlərə bax. Bir də himayə etdiyin ermənilərin 30 il ərzində viran etdiyi ərazilərə bax. Səsini kəs! Əməllərindən utan!”

 

Milli Məclisin Qarabağdan olan digər deputatı Aqil Məmmədov söyləyib ki, Füzuli Birinci Qarabağ müharibəsində güclü təzyiqlərə və facilərə məruz qalan rayonlardan biri olub:

 

“Bütün rayonlarımızda erməni faşizmi öz izini elə buraxıb ki, uzun illər yaddan çıxarmayacağıq. Füzuli rayonu işğada olanda erməni faşizmi orada daş üstündə daş qoymadı. Nəinki yaşayış binaları bütün tarixi abidələr, bütün infrastrukturlar yerlə-yeksan edildi, dağıdıldı. Bu müddətdə də məlumdur ki, beynəlxalq qurumların bir hissəsi qərar qəbul etsə də, ermənilər ona məhəl qoymadı. Bunu xüsusilə qeyd edirəm ki, ermənilərin ikiüzlülüyünü, beynəlxalq qurumların qəbul etdiyi qərarlara məhəl qoymadığını unutmasınlar”.

Deputat vurğulayıb ki, 2023-cü il ərzində 800-ə yaxın ailənin Füzuliyə köçü planlaşdırılır:

 

“Artıq Füzuli rayonu işağldan azad olunub. Bütün azad edilmiş torpaqlarımızda olduğu kimi Füzuli rayonunda da artıq infrastruktur yenilənir. Dövlət  proqramı çərçivəsində orada yüksək səviyyədə işlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin birinci mərhələdə qayıdışla bağlı 144 ailənin oraya köçürülməsi planlaşdırılıb. Hazırda şəhərdə 38-dən çox yaşayış binasının tikintisi üzrə işlər planlaşdırılır.  Bu işlər qısa zaman kəsiyində başa çatıdırlacaq. Ümumiyyətlə, 2023-cü ildə 800-ə yaxın məcburi köçkünün Füzuliyə köçürülməsi nəzərdə tutulur. Rayonun mərkəzində köçürülən əhalinin gələcəkdə işlə təmin edilməsi  üçün aidiyyəti orqanlar tərəfindən müvafiq işlər aparılır. Eyni zamanda sosial obyektlərin tikintisi nəzərdə tutulub. Orada məktəb də tikiləcək. İndi köçəcək ailələrin övladları inanıram ki, sentyabr ayında ilk təhsillərinə orada başlayacaqlar. İşğal muzeyi və memorial kompleksin inşası nəzərdə tutulub. Zəfərlə əlaqədar parkın salınması planlaşdırılır. 2040-ci ilə qədər 50 mindən çox vətəndaşımız evlə təmin olunacaq və öz həyatlarına burada davam edəcəklər. Yaşayış binalarının, sosial obyektlərin tikintisi ilə yanaşı, yol infrastrukturu da yenidən qurulacaq. Bu istiqamətdə bir sıra işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanını burada misal göstərmək olar.  Artıq bütün işğaldan azad edilmiş ərazilərdə işlər sürətlə, kompleks şəkildə həyata keçirilir. Dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş bütün layihələr bu gün vaxt itirilmədən icra olunur. Bu da o deməkdir ki, nəzərdə tutulmuş müddət ərzində işğaldan azad edilmiş rayonlarımızın əhalisi, o cümlədən füzulililər də öz ata-baba yurdlarına qayıdacaqlar”.

Mənbə

Share: