Bakıda keçirilən dünya çempionatında qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə yarışın qızıl medalını qazanan Danka Bartekova 25 ildir ki, bu günü gözlədiyini bildirib və mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib.
Bartekova qızıl medal təəssüratlarını bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
– Dünya çempionu olmağa 9 dəfə yaxın olmuşdunuz. Bu dəfə “qızıl” istəyinizə çatdınız. Bu medal sizin üçün nə deməkdir? Bakı yadınızda necə qalacaq?
– İlk dəfə Bakıya 2015-ci ildə Avropa Oyunları zamanı gəlmişdim. Həmin yarışda həm fərdi, həm də komanda yarışında 4-cü olmuşdum. Buna qədər gümüş və bürünc medallarım var idi. Qızıl medalı çox gözləyirdim. Budəfəki turnir yeni uğur qazanmaq üçün şans idi. Buna nail oldum. Bakıda qazandığım qızıl medal karyeramın zirvəsidir. Qeyd etmək istəyirəm ki, dünya çempionatı mükəmməl şəkildə təşkil olunub. Burada çox gözəl mühit var. Bu yarış bizim üçün lisenziya baxımından da vacib idi. Mən Paris-2024-ə lisenziya qazandım.
– Finalda sanki əziyyət çəkirdiniz. Tez-tez irəli-geri hərəkət edirdiniz. Küləklə bağlı problem var idi?
– Bəli, final həqiqətən çətin oldu. Meh və küləyin sürəti bizə bəzən mane olurdu. Çətinlik çəkdiyimi etiraf etməliyəm. Özümlə fəxr edirəm ki, bunun öhdəsindən gəldim. Finaldakı rəqibim olan ABŞ təmsilçisi Daniya Visi çox güclü rəqib idi. Çətinliklərin öhdəsindən gəlib çempion oldum.
– Mükafatlandırma mərasimində göz yaşlarınız axdı. Bu, təcrübəli idmançılarda çox nadir hallarda olur. Göz yaşlarının xüsusi səbəbi var idi?
– Cavab çox sadədir. Bu medal 25 ilimi aldı. Buna görə məhz 25 il gözlədim. Mənim üçün mənası çox böyükdür. Açığı, emosianallıq var idi. Bu səbəbdən göz yaşları özünü göstərdi.
– Belə demək olarmı ki, Bakı sizin həyatınızda unudulmaz şəhər olaraq qalacaq…
– Əlbəttə, şübhəsiz. Bu anlara görə Bakını heç vaxt unutmayacağam. Bakı həm də çox gözəl şəhərdir. Mərkəzi inanılmaz dərəcədə bəyənirəm. İçərişəhəri xüsusilə vurğulamaq istəyirəm. Stresimi atmaq üçün tez-tez buraya baş çəkirəm.