Əzrayılın gəldiyini hiss elədi, dedi, sinəmi açın

Bu mənim başıma birinci dəfə idi, gəlirdi. Atam xəstə idi, amma öləcəyinə, bizi tərk edəcəyinə heç vaxt inanmaq istəmirdim. Çox güclü kişi idi. Heç kimin xətrinə dəymirdi. Həkim son nəfəsində olduğunu desə də heç kim nə bir metr ağ, nə də pambıq almağa cürət etmədi..

Heç vaxt aramızda mübahisə olmamışdı. Nə qədər ağır xəstə olsa da məni görən kimi durub bardaş qurub oturardı; gözləri gülərdi.

Bir il əvvəl həkimə aparmaq üçün gətirmişdim. Evdə uzanmışdı. Təngənəfəslikdən yeriyə bilmirdi. Xəstəxanaya aparmaq istəyirdim. Təcili yardıma zəng vurdum ki, gəlsin. Bunu eşidən kimi dik durdu ayağa; mən “mafaynan” gedən deyiləm. Özü yeriyərək gedib maşının qapısını açıb oturdu.

Son yoxlanışda həkim ağ ciyər xərçəngi diaqnozunu qoydu. Axıra kimi xəstəliyinin bəd xassəli xərçəng olduğunu bilmədi.

Ölümündən iki gün əvvəl yanındaydım. Dedi; bala, yata bilmirəm, həkimə de ki, mənə yuxu dərmanı yazsın. Eləsi olsun ki, ürəyimə ziyan getməsin. Daha bilmirdi ki, iki gün sonra ona ürək lazım olmayacaq..

Bəlkə də xəstəliyini bilsəydi, həkimlərin dediyi kimi iki ay yaşayacaqdı. Amma bir il yaşadı. Son günə kimi sağalacağına inanırdı. Lakin inancı da kömək etmədi.

Ölüm günü vəziyyəti çox pis idi. Övladlarının ağlamaq səsinə gözlərini açdı, məndən soruşdu:

-Bunlar niyə ağlayır? Nə baş verib?
Cavab verə bilmədim. Deyə bilmədim ki, səni son mənzilə yola salırıq.

Yerini başqa otağa keçirdilər. Qibləyə çevirdik. İlk və son dəfə məni ağlayanda gördü və hiss elədi ki, ölüm mələyi gəlib. Onda bildi ki, dünyadan köçür, Əzrayıl sinəsinə çöküb. O anı hiss elədiyi üçün dedi ki, köynəyimi çıxarın, sinəmi açın..!

Son dəfə hamama getmək istədi. Gedib qayıdandan sonra oksigen balonunun şlankını burnuna keçirdik. Özü şlankı çıxardı. Son nəfəsini qollarımda verdi. Ruhun bədəndən necə çıxdığını ilk dəfə gördüm. O ruh atamın ruhu idi. Barmaqlarından soyuya-soyuya sinəsinə qədər getdi. Beləcə, atam son nəfəsini verdi. O dünyaya-son mənzilinə köçdü. Müvəqqəti bizdən ayrıldı, ta ki biz də o dünyaya köçənə kimi.. O əbədi getdi, biz isə gözüyaşlı qonaq qaldıq.

Daha zəng vura bilməyəcəksən, daha necəsən deyə bilməyəcəksən.. Daha nə vaxt çatdığımı öyrənə bilməyəcəksən. Son dəfə nəvəniz soruşdu ki, əmi çatmısan. Onu Sən istəmişdin. Yerin behişt olsun , Ata!

Bax belə ,dostlar! İki əlli yapışdığımız dünyadan ən əziz atamı iki əlli yapışıb soyuq daş divarlı məzara qoyub qayıtdım. Əzizlərinizə sağ ikən hörmət edin, sağ ikən dürüst olun.. Hələ ki orda valideyn adı varsa, onda heç qüsur etməyin.

Talıb Əhədov

Share: