Füzulinin işğaldan azad edilməsindən 3 il ötür…

Füzulinin işğaldan azad edilməsindən 3 il ötür…

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Oktyabrın 17-də, döyüşlərin 21-ci günündə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri erməni işğalından azad edildi.

 

Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət və vətənpərvərliyi diqqətdən kənarda qalmayıb, dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.

 

Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub. Dövlət başçısının bu məqsədlə ilk səfəri 2020-ci ilin noyabrın 16-da, böyük qələbədən dərhal sonra Füzuliyə olub. Bu səfərində Prezident İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verib. Artıq Füzulinin işğaldan azad olunmasından 3 il vaxt keçir. Bu dövlər ərzində Prezident İlham Əliyev Füzuli rayonunda 15 dəfə səfərdə olmuşdur. Rayon ərazisində dünya standartlarına uyğun beynəlxalq, respublika və yerli əhəmiyyətli çoxsaylı yeni avtomobil yolları inşa edilib. Hazırda Horadiz-Ağbənd dəmir yolunun inşası uğurla davam etdirilir. Çox qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanı, rayon ərazisində tikilən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi də öz möhtəşəmliyi və müasirliyi ilə seçilir.

 

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi olaraq tarixə yazılmışdır.

 

Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.

 

Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.

 

Səbuhi Qasımov,

Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 

Mənbə

Share: