
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanmasının kifayət qədər real göründüyünü bildirib.
Paşinyanın məlum bəyanatını nə dərəcədə ciddi və səmimi hesab etmək olar?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Paşinyanın bəyanatına ciddi yanaşmadığını bildirib, bununla yanaşı Azərbaycanın sülh üçün bütün addımları atdığını vurğulayıb:
“Təbii ki, Nikol Paşinyan və onun bəyanatlarını ciddi hesab etmək olmaz. Bir adam ki, eyni məsələ ilə bağlı bir ildə beş fərqli bəyanat verə, onu necə ciddi qəbul etmək olar?
Azərbaycan regionda uzunmüddətli və etibarlı sülh üçün bütün addımları atıb. Artıq hər şey Ermənistandan, onun Azərbaycanın sülh səylərini nə dərəcədə dəstəkləyəcəyindən asılıdır. Əgər İrəvan mövcud reallığı lazımınca dərk edəcəksə, xam xəyallardan əl çəkəcəksə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləyəcək, regionda sülh təmin olunacaq. Yox əgər İrəvan, Ermənistandakı revanşist qüvvələr yenə ölkəmizə qarşı məkirli planlarını davam etdirəcəklərsə, o zaman yaxın gələcəkdə sülhə nail olmaq çətin olacaq”.
Seymur ƏLİYEV