Bu bayram əvvəlkilərdən daha sevincli oldu

Bu bayram əvvəlkilərdən daha sevincli oldu

Bu gün Azərbaycanda Müstəqilliyinin Bərpası Günüdür. 32 il bundan əvvəl Azərbaycan öz müstəqilliyini yenidən əldə edib. Ancaq bu dəfə 18 Oktyabr daha fərqli ab-havada qeyd olunur. Belə ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Xankəndinin, Xocalının, Əsgəranın və Ağdərinin azad olunması ilə suverenliyimiz tam bərpa olundu. 

 

1991-ci ilin 7 mart tarixində Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı səsvermə keçirilmişdi. Həmin zaman  350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

 

Modern.az bu gün münasibətilə “İstiqlalçı deputat”ların təəssüratlarını öyrənib:

 

İstiqlalçı deputatlardan biri olan Vahid Əhmədov Azərbaycanın müstəqilliyini mürəkkəb şəraitdə əldə etdiyini xatırladıb: 

 

“Azərbaycan öz müstəqilliyini olduqca mürəkkəb hərbi-siyasi və iqtisadi şəraitdə əldə edib. Ölkə iqtisadiyyatı dağılmışdı. Digər tərəfdən ərazilərimiz Ermənistan tərəfindən işğal edilirdi. Siyasi hakimiyyətin zəifliyi, daxili parçalanma və qarşıdurmalar ərazi bütövlüyümüzlə yanaşı, müstəqilliyimizi də sual altında qoymuşdu. Məhz belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev daxili gərginlik və qarışıqlığa son qoydu, siyasi hakimiyyəti möhkləmləndirdi. Ermənistanla atəşkəs sazişinin imzalanması, ordu quruculuğu və iqtisadi tərəqqiyə daha ciddi köklənməyə, müstəqilliyin möhkəmlənməsi üçün digər vacib addımlar atmağa, diplomatik həmlələr həyata keçirməyə başladı. Ölkəmiz dünya iqtisadiyyatına inteqrasiya edərək sürətli inkişaf yoluna qədəm qoydu. Hansı ki, biz hərbi-iqtisadi inkişafın nəticəsini 2020-ci ilin Vətən müharibəsində bütün əzəməti ilə müşahidə etdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Silahlı Qüvvələrimiz Ermənistan ordusunu darmadağın edərək işğaldakı bütün torpaqlarımızı azad etdi.Bu gün Qarabağın hər bir guşəsində, eləcə də Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanmaqdadır. Bu bayraq dövlətimizin gücü, əzəməti və müstəqilliyindən xəbər verir”.

Deputat da Prezident İlham Əliyevi təbrik edib: “Mən bu böyük gün münasibəti ilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını və  müstəqilliyimizi öz zəfərləri ilə şanlandıran, daha da əzəmətli edən Prezident İlham Əliyevi təbrik edirəm. Əminəm ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında daha da inkişaf edəcək, yeni-yeni uğurlar, qələbələrlə öz gücünə güc qatacaq!”

 

Digər istiqlalçı deputat Fərəc Quliyev müstəqilliyin rahat qazanılmadığını vurğulayıb:

 

“Müstəqillik bir millətin əvəzolunmaz, vazkeçilməz sərvətidir. Ondan böyük sərvət olmayıb. Amma biz bu yola rahatlıqla gəlməmişik. Allah bütün şəhidlərimizə rəhmət etsin. 1920-də müstəqilliyimizi itirmişik. Savaş dayanmayıb. Qaçaqçılıq hərəkatı olub. İkinci Dünya Müharibəsi zamanı legionerlərimiz  döyüşüb. Məmməd Əmin Rəsulzadə mühacirət mübarizəsi aparıb. Son akkordları vurmaq bizə qismət oldu. Mən parlamentdəydim. 1991-ci ilin mart ayında  SSRİ-nin saxlanılmasına görə referandum keçirilib,qanun qəbul olunmalıydı. O vaxt biz buna etiraz etdik. 360 deputatdan cəmi 43 nəfər buna etiraz etdi. Ruhən azad olan insanlar köləliyi qəbul etməzdilər. Uzun bir yol qət edildi. Nəhayət, müstəqilliyi qazandıq”.

İstiqlalçı deputat bu il müstəqillik bayramının əvvəlkilərdən daha çox sevindirici olduğunu bildirib:

 

“ Müstəqillik aktında”  “Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazilərinə şamil olunur” müddəası vardı. Çox təəssüf ki, 30 il ərzində bunu reallaşdıra bilməmişdik. Çox şükürlər olsun ki, bu il bütün ərazilərimizdə suverenliyimizi qeyd-şərtsiz təsdiq etmişik. Ona görə də bu bayram bizi əvvəlkilərdən daha çox sevindirir. Çünki indi biz bütün torpaqlarımızda  suverenliyimizi təsdiq edə bilmişik. Azərbaycan artıq Qarabağ məsələsini həll edib. Mən bütün xalqımızı təbrik edirəm.  Onlara, Ordumuza, şəhid və qazilərimizə minnətdaram! Bu məsələləri, prosesləri idarə edən Ali Baş Komandandır. Onun iradəsi olmadan  bütün bu işlər aparıla bilməz. Ali Baş Komandan bir fateh kimi  tarixə düşdü. Ali Baş Komandan başda olmaqla Ordumuzu xüsusilə təbrik edirəm”.

Digər bir istiqlalçı deputat Sülhəddin Əkbər bu gün nazmaz qılıb dua etdiyini söyləyib:

 

“Müstəqillik Aktının” imzalanmasında birbaşa iştirakı Allah mənə qismət edib. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm. İlk dəfədir ki, Azərbaycan öz sərhəd toxunulmazlığını, suverenliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpa etdiyi bir şəraitdə bu bayramı qeyd edir.  Çox gözəl təəssüratla bu bayramı qeyd edirəm. Bu gün də namazımı qılıb dua etdim ki, Allah  millətimizi dövlətimizi qorusun! Ordumuzu müzəffər, bayrağımızı uca etsin!”

Mənbə

Share: