
“Qəzzadan bir neçə raket buraxılıb, onlardan biri havada üç saniyə ərzində partlayıb və xəstəxanaya düşüb…”
Jurnalistlər Qəzzadakı xəstəxanaya hücum edənlərin kimliyini müəyyən edib, onlar ekspertlərlə birgə onlarla videonu təhlil edərək bu nəticəyə gəlib ki, terrorçular təsadüfən hospitala hücum edib
Qəzzadakı xəstəxanaya düşən raket Fələstin ərazisindən buraxılıb. Ehtimal ki, bu, terrorçuların səmtini azan raketi olub.
Moderator.az xəbər verir ki, “The Associated Press” agengliyinin jurnalistləri hücumun videosunun təhlili əsasında bu nəticəyə gəlib. Məlumatı “unian.net” nəşri yayıb.
Kadrlarda görünür ki, HƏMAS yaraqlıları tərəfindən buraxılan raketlərdən biri səmtini dəyişərək yerə düşməzdən öncə havada partlayır. Bir neçə saniyədən sonra videoda Qəzzada “Əl-Əhli” ərəb xəstəxanasının yerləşdiyi yerdə güclü partlayışın baş verməsi görünür.
“The Associated Press” agentliyinin nəticələri
“Agentlik xəstəxanada baş vermiş partlayışdan öncə, partlayış zamanı və ondan sonrakı məqamların ondan artıq videosunu, habelə peyk şəkilləri və fotoşəkillərini təhlil edib. Agentliyin təhlili göstərir ki, havada partlayan raket Fələstin ərazisindən buraxılıb, xəstəxanada partlayış, böyük ehtimalla, raketin bir hissəsi yerə düşəndən sonra baş verib”, – agentlik yazır.
Bu dəyərləndirməyə bir sıra ekspertlər dəstək verib. “Əlavə sübutların olmadığı halda ən ehtimal edilən ssenari Qəzzadan buraxılan raketin uçuş zamanı uğursuzluğa düçar olması və səhvən xəstəxanaya düşməsi olub”, – bunu ABŞ ordusu kəşfiyyatının sabiq analitiki Henri Şlottman deyib.
Təhlildəki həlledici video yerli vaxtla saat 19:00-dək üzə çıxıb, bu zaman ərəbdilli “Əl Cəzirə” kanalı HƏMAS yaraqlıları tərəfindən raket buraxılışı anını yayımlayıb. Raketlərdən biri başqalarından səmtini dəyişərək havada partlayıb. Onun qalıqları yerə düşməyə başlayıb.
Sonra uzaqdan kiçik partlayış eşidilir, iki saniyədən sonra xeyli güclü partlayış baş verir. Kanalın yayımladığı yeri müəyyən edərək jurnalistlər iddia edib ki, raketin qalıqları dəqiq xəstəxananın yerləşdiyi rayona düşüb.
Elə “Əl- Cəzirə”nin kadrlarının çəkildiyi zaman İsraildə kameradan çəkilmiş ikinci videoda Qəzzadan buraxılan ən azı 17 raketin yaylımı göstərilir. Daha sonra xəstəxanada güclü partlayış görünür.
İsrailin “Channel 12” informasiya stansiyasının onun Qəzzadakı xəstəxanadan cənub-şərqə təxminən 16 km aralıda yerləşən Netivotdakı binasının yuxarı mərtəbəsindən kameraya çəkilmiş üçüncü video həmçinin Qəzzadan buraxılan raketlərin yaylımını qeydə alıb.
“Bu üç videoyazılardan görünür ki, Qəzzadan bir neçə raket buraxılıb, onlardan biri “Əl-Əhli” ərəb xəstəxanasında partlayışdan öncə havada təxminən üç saniyə ərzində partlayıb”, – agentlik yazır.
Tərəflərin mövqeləri
İsrail Silahlı Qüvvələri dəfələrlə bəyan edib ki, onlar xəstəxanaya zərbə endirməyib, bunun Qəzza bölgəsindən “İslami-Cihad” tərəfindən buraxılan raket zərbəsi olduğunu bəyan edib. İsrailin mövqeyinə ABŞ kəşfiyyatı dəstək verib. Xəstəxanaya zərbə yerində aviasiya bombası üçün səciyyəvi olan çala yoxdur.
HƏMAS İsrailin təsvirini “saxtalaşdırılmış” adlandırır və onu xəstəxanaya zərbəni iki gün öncə təxliyə barəsində xəbərdarlığı görməzən gəlməyə cavab olaraq endirdiyində ittiham edir. Bu ittihamların heç bir sübutları yoxdur.
Ekspertlər nə deyir?
Jurnalistlər onlarla ekspertlə ünsiyyətdə olub. Onların hamısı ən çox ehtimal edilən ssenarinin Qəzzadan buraxılan, səmtini dəyişən və partlayışdan bir neçə saniyə öncə partlayan raketin olduğu barədə razılaşıb.
Berklidəki Kaliforniya Universitetinin nəzdində insan haqları üzrə Mərkəzin məsləhətçisi, açıq mənbələrdən kəşfiyyat məlumatlarının təhlili üzrə ekspert Andrea Riçardson deyib ki, videolarda görünən konkret oriyentirlər raketin haradan buraxıldığını göstərir.
“Mənim gördüyüm videosübutlardan raketlərin Qəzzadan buraxıldığı tamamilə aydın olur”, – Riçardson deyib.
Britaniya ordusunun sabiq zabiti və kəşfiyyat üzrə məsləhətçi Castin Kramp deyib ki, HƏMAS yaraqlılarının əldə düzəldilən raketlərinin nasazlıq tezliyi yüksəkdir.
“Siz görürsünüz ki, raket uçuş zamanı sıradan çıxır, flrlanır və parçalanır, sonra yerə düşür. Bunun ən ehtimal olunan izahı ondan ibarətdir ki, bu, faciəvi hal olub”, – Kramp deyib.
Kəşfiyyat analitiki Şlottman deyib ki, ən ehtimal edilən ssenari bundan ibarətdir ki, bu, yaraqlıların raketi olub, uçuş zamanı hansısa nasazlıq baş verib, sonra da xəstəxanaya düşüb.
“Bizdə olan videoda partlayış baş verib, bu videoda olan yeganə raket belə trayektoriyaya malikdir. Biz başqa ssenariləri istisna edə bilmərik…Amma bizdə olanlar bunu göstərir”, – o, deyib.
Zərbə yerindəki sübutlar
Qəzza xəstəxanasına zərbə yerində aviasiya bombasının düşməsini sübut edən böyük çala əlamətləri yoxdur. Partlayış mərkəzində açıq meydançanı əhatə edən xəstəxana binaları hələ də yerində olub və əhəmiyyətli struktur zədələnmələrinə məruz qalmayıb.
Xəstəxananın parkinq yerində olan kiçik çalanın diametri təxminən bir metrdir, bu da bombaya nisbətən daha az partlayış gücü olan qurğunun olduğunu sübut edir. İsrailin böyük arsenalında helikopter və dronlardan buraxıla biləcək kiçik raketlərin olmasına rəğmən, belə raket zərbələrinin “Əl-Əhli” xəstəxanası rayonunda zərbələrinin açıq sübutları olmayıb.
ABŞ ordusunun istefada olan polkovniki, hərbi raketlər və raketlər üzrə ekspert Devid Şenk deyib ki, xəstəxanadan çəkilən videoda görünən boyük alov kürəsi bununla izah edilə bilər ki, nasaz döyüş raketi vaxtından əvvəl çırpılıb və hələ yanacaqla dolu olub. Bu yanacaq yerə çırpılandan sonra alışaraq güclü partlayış törədib, lakin nisbətən balaca çala yaranıb.
“Dəmir günbəz” nəzəriyyəsi
Partlayışdan bir neçə gün sonra sosial şəbəkələrdə belə gümanlar üzə çıxıb ki, Qəzza üzərində raket “Dəmir günbəz” tərəfindən vurula bilərdi. Ekspertlər iddia edir ki, çoxsaylı videoyazılar “Dəmir günbəz” raketlərinin İsraildən Qəzza üzərindəki hava məkanına buraxıldığının görünən sübutlarını göstərməyib.
Silahlar üzərində nəzarət Mərkəzinin siyasi direktoru və raketdən müdafiə üzrə ekspert Con Erat deyib ki, bu sistem texniki cəhətdən Qəzza üzərində raketi ələ keçirə bilər. Yeri gəlmişkən, “Dəmir günbəz” yalnız İsrailin hava məkanında işləməyə hədəflənib.
“Mən bunun mümkün olmadığını demirəm. Lakin mənim anlayışıma görə, bu sistemin necə işləməsi nöqteyi-nəzərindən bu, az ehtimal edilir”, – Erat deyib.
Qəzza xəstəxanasına zərbə – bəlli olanlar
Xəbər verildiyi kimi, oktyabrın 17-də Qəzza bölgəsində “Əl-Əhli” xəstəxanasına raket düşüb, nəticədə 800-dən çox adam həlak olub və yüzlərlə adam yaralanıb. HƏMAS dərhal buna görə İsraili ittiham edib.
Qüdsün özü xəstəxanaya zərbə endirdiyini təkzib edib. Onlar sübut edib ki, partlayış HƏMAS-ın İsrail tərəfə raketlər buraxdığı zaman baş verib, hətta bu raketlərin buraxıldığı zaman onlardan birinin səmtini dəyişdiyini göstərən video da var.
Sonradan İsrail Müdafiə Ordusu bəyan edib ki, raket Fələstinin “İslami-Cihad” qruplaşması tərəfindən buraxılıb. Spiker brifinqdə HƏMAS-ın iki rəsmi şəxsi arasında olan ələ keçirilən söhbətin stenoqramının tərcüməsini oxuyub. Onlar “Əl-Əhli”dəki baptist xəstəxanasına düşən uğursuz raketdən danışıb.