
“Hər kəs özünəməxsus yazır, oxuyur. Əsas bu deyil, əsas olan mahnının yaşamasıdır. Mən yeniliyə açıq bir insanam. Amma baxır o yeniliyi kim və necə edir?! Mahnını əndrabadi oxuyub, gözoxşamayan bir klip çəkdirmək kimə lazımdır? “Dünya mənim, dünya sənin” mahnımı gördünüz ki, gənclər necə gözəl ifa etdilər. Mən bunu çox bəyəndim! Hətta onlarla duet də ifa etdim. Əgər gənclərin belə layihələri olarsa iştirak edərəm”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Niyaməddin Musayev deyib. Sənətkar daha sonra əlavə edib.
“17 yaşımdan el şənliklərinə gedirəm. Hələ məktəbdə oxuyurdum. 8 yaşımdan bədii özfəaliyyətlərdə iştirak etmişəm. Bu gün də el şənliklərinə gedirəm. O illərdən bu illərə fəaliyyətimdə dəyişən heç nə yoxdur” deyə xalq artisti bildirib.

Sənətkar duetlərindən də danışıb.
“Məleykə Əsədovadan öncə Bəsti Bəkirova, Sevda xanımla duet oxumuşam. “Azərbaycan qızı” mahnımı Türkiyədə də oxumuşdular. Bu mahnı o vaxt çox məşhur idi. Elə oldu ki, bir gün Məleykə Əsədovanın doğum günü idi. Məleykə xanıma dedim ki, sənə elə bir hədiyyə etmək istəyirəm ki, qoy tarixdə qalsın. Ətirdir, çiçəkdir bunlar həmişə var. Həmin mahnını Məleykə xanımla duet oxuyub, ona ərmağan etdim. Çox sevildi. Məleykə xanım gözəl aktrisadır. Baxmayaraq ki, səs tembiri bir az fərqlidir, amma bu mahnını yaxşı oxuyub” deyə sənətkar bildirib.

Niyaməddin Musayev ulu öndər Heydər Əliyevin sənət adamlarına olan qayğısından da danışıb.
“O vaxt bütün simfonik orkestrin, kopellanın, rəqs qruplarının maaşları konsertlərimdən gələn gəlirlər hesabına təmin olunurdu. Amma buna baxmayaraq mənə fəxri ad vermirdilər. Ümumiyyətlə yığışdırmışdılar. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra fəxri adları bərpa etdi. Məmməd Arazın yaradıcılığı ilə bağlı görüşmüşdük. Mən idim, Polad Bülbüloğlu idi, yazıçılar və bir qrup ziyalılar da orada idi. Ulu öndər onlara tapşırıq verdi ki, yığışın bu məsələləri həll edin. O çox gözəl bilirdi ki, bu sənətkara böyük stimuldur. O görüşdə dedi ki, sənin bir adın var-Naxçıvanın əməkdar artisti, mən sənə xalq artisti adını verirəm. Bundan sonra şöhrət ordeni ilə təltif olundum. Ulu öndərin gəlişi bütün sahələrə bir günəş kimi doğdu” deyə xalq artisti bildirib.