“Mədəniyyət kanalını bəyənmirəm, sənətkarları tanımırlar, nazirə də bu haqda demişəm”-FOTO

“Mədəniyyət kanalını bəyənmirəm, sənətkarları tanımırlar, nazirə də bu haqda demişəm”-FOTO

“Biz bu gün də Bəstəkarlar İttifaqı olaraq böyük işlər görürük. Bəzən insanlar deyir ki, Firəngiz xanım, artıq Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlar yoxdur. Onlara deyirəm ki, bu sualı bizə ünvanlamayın. Gücünüz bizə çatır? Siz bu sualı musiqiçi yetişdirən təhsil ocaqlarına verin. Biz Bəstəkarlar İttifaqı hazır bəstəkar və musiqişünasları qəbul edirik. Son illər ittifaqımıza zəif bəstəkarlar gəlir. Biz bunları görürük, narahatıq, onlarla çalışırıq. Baxıram partituralara, soruşuram ki, siz müstəqil olaraq nə yazmısınız? Deyirəm ki, ifa edin biz baxaq. Görürük ki, yazdığı əsər heç nəyə yaramır. Başlayırıq onlarla işləməyə, cilalamağa. Amma bu bizim işimiz deyil, təhsil ocaqlarının işidir”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.

“Tənqidlərimizdən sonra bəzi kanalların musiqi fəaliyyətində irəliləyişlərin olduğunu görürük. AZTV-də çox böyük inkişaf var. Mədəniyyət kanalını bəyənmirəm, bunu hər yerdə demişəm. Orada çox kobud yalnışlıqlar olur. Mən kanala da zəng edib bu haqda aidiyyatı insanlara demişəm. Hətta Mədəniyyət nazirinə də bu haqda məlumat vermişəm. Mədəniyyət kanalında bu qədər qüsurlar olmamalıdır. Kanalda Üzeyir Hacıbəyli haqda sujet gedir. Müxbir danışır ki, Müslüm Maqomayev onun silahdaşı olub. Onlar götürüb müğənni Müslüm Maqomayevin şəkilini göstərirlər. Bütün şəhər hamısı mənə zəng edib deyir ki, Firəngiz xanım, bu nə biyabırçılıqdır, yığışdırın bunu! Deyirəm ki, mənə niyə zəng edirsiniz? Mən axı Mədəniyyət kanalında işləmirəm. İlk peşəkar pianoçu qadın Kövkəb Səfərəliyeva haqda Səadət Təhmirazqızı kitab yazdı, arxivdən onun fotolarını tapdıq, kitabın nəşrinə kömək etdik. Kitabın təqdimatını keçirdik. Mədəniyyət kanalı gəlib 1-2 kadr çəkib getdi. Kövkəb xanım haqqında danışırlar, 3-4 dəfə Ağabacı Rzayevanın fotosunu göstərirlər. Yenə də zənglərin ardı-arası kəsilmir. Deyirlər ki, gücümüz sizə çatır! Bu kanalda çox bəsit proqramlar var. Necə ola bilər ki, Mədəniyyət kanalında toyxana edəsən?! Aparıcı müğənniyə deyir ki, sən çıxanda cibinə nə qədər pul basdılar?! 10 milyon insanın qarşısında bu söhbətləri etmək olarmı?  Mən belə məişət söhbətlərini bəyənmirəm” deyə sənətkar bildirib.

Mənbə

Share: