“Bütün dezinformasiyalara rəğmən döyüşlər ümumən Ukraynanın xeyrinə gedir…”

“Gec-tez ABŞ başda olmaqla bütün Qərb çalışacaq, Yaxın Şərqdəki son qarşıdurmanı tamamilə durdursun ki, diqqət Rusiyaya, İrana qarşı mübarizədən yayınmasın…”

 

“Artıq ABŞ-da Ukrayna pilotları təlimləri başlayıb və yəqin ki, yaxın aylarda Rusiya səmalarında “F-16” qırıcıları da görünəcək…”

 

“Kremlin bütöv dünya, o cümlədən postsovet məkanında bütün əks-təbliğatına, dezinformasiyalara rəğmən  hərbi əməliyyatlar ümumilikdə Ukraynanın xeyrinə gedir. Yəni strateji xətt Rusiyanın məğlubiyyətinə aparır. Artıq Qərb Ukraynaya bir çox gərəkli silah və texnikaları verib: “Abrams” tankları, “ATACAMS” raketləri və s. İndi əsas “F-16”-ların və “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsi vacibdir. Artıq ABŞ-da Ukrayna pilotları təlimləri başlayıb və yəqin ki, yaxın aylarda Rusiya səmalarında “F-16” qırıcıları da görünəcək.”

 

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

 

“Deyilən və digər əsas texnikaları, silah-sursatları əldə etdikdən sonra Ukrayna tam müdafiəsini təşkil edəcək və yalnız hücum əməliyyatlarıyla məşğul olacaq. Və Qərb, Amerika, Avropa gec-tez Kiyevin bütün istədiklərini verməyə, hər bir texniki, texnoloji və maliyyə yardımını etməyə məcburdur. Çünki  gözəl anlayırlar ki, əgər Putin Ukraynanı tam işğal etməyə nail olarsa, növbə Avropa, NATO ölkələrinə, o cümlədən Baltikyanı ölkələrə, Polşaya və s. çatacaq. İkincisi də, onlar Rusiyadakı hazırkı hakim rejimin hansı məkrli, hiyləgər xislətə malik olduğunu da yaxşı bilirlər. Ona görə də yayılan şayiələrə rəğmən Kremllə heç bir gizli sövdələşməyə gedə bilməzlər. Və artıq əksər Qərb ölkələri çəkici bir nöqtəyə vurmağa başlayıblar”,- deyə davamında sabiq nazir diqqətə çatdırıb. 

 

“Sadəcə, Rusiya aranı “Həmas”ın İsrailə hücumu ilə qarışdırmağa çalışdı. Və “Həmas”ın İsrailin içərilərinə doğru sürətlə irəliləməsində, zənnimcə, İrandan əlavə, Rusiya hərbi kəşfiyyatının da böyük rolu oldu. Əsas məqsəd Amerikanın, Avropanın diqqətini Ukraynadakı savaşdan yayındırmaq, Kiyevə edilən yardımı, bölmək, sarsıtmaq idi. Ancaq göründüyü kimi, bu təxribat da baş tutmur. Hesab edirəm ki, müəyyən fasilə yaranmasına rəğmən Ağ Ev, Pentaqon tezliklə Ukraynaya maliyyə və texniki yardımı əvvəlkindən də güclü şəkildə bərpa edəcək. Eyni zamanda belə düşünürəm ki, gec-tez ABŞ başda olmaqla bütün Qərb çalışacaq, Yaxın Şərqdəki son qarşıdurmanı tamamilə durdursun ki, diqqət Rusiyaya, İrana qarşı mübarizədən yayınmasın. Həm də “Həmas”-İsrail qarşıdurması dayanmasa, bu real olaraq III Dünya müharibəsinə gətirib çıxara bilər”,- deyə general vurğulayıb.

 

Sultan Laçın  

 

Mənbə

Share: