Azərbaycan və İran arasında Rəşt – Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.
“Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik”, – o bildirib.
Əfəndizadə onu da qeyd edib ki, Rəşt – Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
Xatırladaq ki, sözügedən layihə Şimal – Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir.