İbad Hüseynov: “İnanıram ki, bu qurum xalqımızı daim yeni uğurları ilə sevindirməkdə davam edəcək”
Bu gün 17 dekabr – Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır.
Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların Vətən müharibəsindəki əməyinə diqqət çəkib:
“Mən peşə bayramı münasibətilə Müdafiə Sənayesi Nazirliyini, bu qurumun hər bir əməkdaşını təbrik edir, onlara öz fəaliyyətində uğurlar arzulayıram.
Müdafiə sənayesi – hərbi sənaye dövlətimizin müdafiəsi və təhlükəsizliyi baxımından həyati əhəmiyyətə malikdir. Müdafiə sənayesinin önəmini anlamaq üçün 44 günlük Vətən müharibəsinə nəzər salmaq kifayətdir.
Müdafiə Sənayesi Nazirliyi 8 Noyabr zəfərinə böyük töhfələr verib. Müharibədə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silah-sursatın, hərbi ləvazimatın böyük əksəriyyəti məhz Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan məhsullar olub. Hansı ki, bu məhsullar özünü müharibədə – real döyüş meydanında tamamilə doğrultdu. Müharibədə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olun hərbi təyinatlı məhsulların yüksək keyfiyyətə malik olduğu öz təsdiqini tapdı.
Bu gün Müdafiə Sənayesi nazirliyi tərəfindən ümumilikdə 1000-dən çox məhsul istehsal edilir ki, bu məhsulların xeyli hissəsi həm də xarici ölkələrə ixrac edilir. Bu, dövlətimizin sadəcə hərbi sahədə deyil, həm də müdafiə sənayesi sahəsində nə qədər güclü olduğunu göstərir.
Mən bir daha bu əlamətdar gün münasibətilə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təbrik edir, onlara müvəffəqiyyətlər diləyirəm. İnanıram ki, Müzəffər Ali Naş Komandan İlham Əliyevin diqqəti və qayğısı altında ölkəmizin müdafiə sənayesi sürətlə inkişaf etməkdə davam edəcək, Müdafiə Sənayesi Nazirliyi bizi daim yeni uğurları ilə sevindirəcək”.
Seymur ƏLİYEV