
Ermənilərin İrandan Qarabağa köçürülməsi əsasən 1828-ci ildən başlayır və 1989-cu il əhalinin siyahıyalmasına əsasən sayları heç yüz əlli min nəfər təşkil etməmişdi. Fransaya isə ermənilər əsasən 1669-cu ildə Marsel limanı sərbəst liman elan edildikdən sonra köç etməyə başlamışlar və bu gün Fransada yaşayan ermənilərin sayı 500 minlə 750 min arasında hesab edilir. Ermənilər əsasən üç şəhərdə Paris (200.000), Marsel (100.000)və Lion (100.000) şəhərlərində yaşayırlar. Bu şəhərlərdə çoxsaylı erməni məhəllələri, küçələri, kilsələri, məktəbləri var. Marsel ətrafındakı bir sıra şəhərlərin merləri də ermənilərdir. Təkcə Marseldə 12 erməni kilsəsi fəaliyyət göstərir, 18 küçə erməni adları ilədir, erməni dilində qəzetlər çap olunur, telekanal, erməni dilində radiolar mövcuddur.Lionda da təxminən eyni vəziyyətdir. Göründüyü kimi Qarabağa köçməzdən 200 il əvvəl ermənilər Fransada məskunlaşmağa başlayıblar və sayları da Qarabağ ermənilərinkindən 5 dəfə çoxdur. Rusiya və ABŞ -də daha çox erməni yaşayır, amma Fransa kimi ermənilərin məhz Qarabağda statusları uğrunda xüsusi canfəşanlıq etmirlər. “Kiçik bacı” bu qədər sevilirsə, əcəba Fransa nədən Marsel ətrafında, konkret ərazidə 500 mindən çox erməniyə muxtariyyət statusu vermir ? Ermənilərin sayı hətta, korsikalılardan da çoxdur. Korsika adasında cəmi 350.000 əhali yaşayır.
İndi də Fransa Senatı növbəti ermənisevərlik nümayiş etdirib. 336 lehinə, bir nəfər əleyhinə omaqla Azərbaycana sanksiya tətbiq etmək tələbi ilə qətnamə qəbul edib. Olsun. 2020-də qondarma separatçı rejimi tanımaq tələbi ilə də hər iki palata qətnamə qəbul etmişdi. Bəlkə, Fransaya qarşı adekvat olmayan mübarizə formasına keçid edək. Məsələn, bizim də parlament Fransada yaşayan 750.000 min erməniyə muxtariyyat statusu verməyən Fransaya sanksiya tələb edən qətnamə qəbul etsin. Təklif qeyri-ciddi görsənə bilər. Amma, Fransanın anti Azərbaycan siyasətini qeyri-ciddiyə almaq üçün ona ciddi diplomatik cavablar əvəzinə sarkazmla cavab vermək daha effektli ola bilər.
Avropa İttifaqı, ayrıca Fransa, ABŞ Azərbaycana təzyiq siyasətini artırmaq xətti götürüb. Qarabağ məsələsi danışıqlar predmeti olmadığı bir vaxtda Qərb nəyə nail olmağa çalışır? Əslində, sülh müqaviləsini gecikdirmək Qərbə sərf etməməlidir, çünki iki ölkə arasında sülh sənədinin imzalanması Rusiyanın Cənubi Qafqazda mövqelərinin xeyli zəifləməsinə gətirib çıxara bilər. Amma, Rusiyanın Zəngəzur yoluna nəzarət etməsinə Qərb və təzyiq etdiyi Ermənistan razı olmadığı üçün bu məsələ, o cümlədən 8 anklav kənd probleminin həlli də mürəkkəb şərtlərlə əlaqədar olduğundan sülh yolunda maneə olaraq qalır. Avropa İttifaqının mülki missiyasının hədəfində Zəngəzur yoluna nəzarət etmək dura bilərmi? Sabah Rusiyanın qarşısına konkret bir qərb dövləti deyil, Aİ-nin mülki missiyasının nəzarət edəcəyini qoymaqla, Ermənistan Moskvanı fakt qarşısında qoymağı planlaşdırır. Amma, 2025-ci ilin fevralında Aİ mülki missiyasının vaxtı tamamlanır və bölgəni tərk etməlidir. Zəngəzur yolu isə hələ çəkilməyib. Magistiral və dəmir yolun çəkilişi daha çox zaman alacaq. Qərb üçün çıxış yolu yenə qalır: Ermənistanla əməkdaşlığı daha iki il də uzatmaq üçün razılaşa bilər. Deməli, mümkün variantlardan biri Aİ-nin mülki missiyasının Zəngəzur yoluna nəzarətini həll etməkdir. Rusiyanın bu məsələyə münasibəti indiki kimi qalarsa, deməli sülh müqaviləsinin imzalanması 2024-də də böyük suallar altındadır.
RF XİN başçısı S. Lavrovun bu gün Ermənistana ünvanlanmış açıqlamaları Rusiyanın fakt qarşısında qaldığının göstəricisidir və bundan sonra Ermənistan anti Rusiya mövqeyindən geri çəkilməsə Moskvanın mümkün təzyiqlərinin nədən qaynaqlandığına bir işarədir. Bu məsələyə növbəti şərhimizdə daha geniş münasibət bildiriləcək.
Moderator.az-ın analitik qrupu