2025-ci ilin dekabrında nominal effektiv məzənnə 2024-cü ilin eyni ayı ilə müqayisədə 4.6% ucuzlaşıb. Bu isə cari ilin martında inflyasiyaya 1% artıcı təsir edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fevral-mart aylarında neftin bahalaşması nəticəsində manat dəyər qazansa da, bu, inflyasiyaya azaldıcı təsirini 3 aylıq müddətdə göstərəcək:
“Kənd təsərrüfatı istehsalçılarının qiymət indeksini istisna etməklə digər amillər 3 ay gec təsir göstərir. Buna görə mart ayı inflyasiyasına nominal effektiv məzənnənin dekabrdakı dəyişimi təsir göstərib”.
T.Kazimov əlavə edib ki, hesabat dövründə dövlət istehlakı və ev təsərrüfatı istehlakı üzrə tələb amilləri müvafiq olaraq 7.3 və 9.2% artıb:
“Martın inflyasiyasına 2 faiz bəndi artıcı təsir edib. Digər amillər isə 2 faiz bəndi azaldıcı təsir edib”.


