Pakistandan İrana ağır zərbə: İslamabad Tehrana qarşı güzəştə getməyəcək

Pakistandan İrana ağır zərbə: İslamabad Tehrana qarşı güzəştə getməyəcək

İran bir neçə gün öncə Pakistanla sərhəddə yerləşən kəndə zərbələr endirib. Zərbələr nəticəsində 2 azyaşlı həlak olub, 3 nəfər yaralanıb.

 

Rəsmi Tehran zərbələrin İran ərazisində bir çox hücumlara cavabdeh olan “Ceyş Əl-Ədl” (Ədalət Ordusu) qruplaşmasının 2 qərargahına endirildiyini, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edildiyini iddia edib. Hücum Pakistanın qəzəbinə səbəb olub, Tehrandakı səfir geri çağırılıb. Pakistan ordusu “həddindən artıq” yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Pakistan hücuma cavab olaraq İrana zərbələr endirib. Bu, 1980-88-ci illərda baş verən İran-İraq müharibəsindən sonra İran ərazisinə ilk hava hücumu olub. Zərbələr nəticəsində 9 nəfər ölüb.

 

Çin, Rusiya və Türkiyə tərəflər arasında vasitəçilik təklif edib, BMT Pakistan və İranı təmkinli olmağa çağırıb.

 

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, pakistanlı ekspert Musavar Hamid Tanoli Modern.az-a hadisənin detallarını danışıb.

 

“İran bizim Pakistanın Bəlucistan əyalətinin sərhəd tərəfində onları raketlərlə hədəfə alıb. İran Pakistan hakimiyyətinə məlumat vermədən və icazə almadan belə addım atıblar. Bununla da hava məkanımızı açıq-aşkar pozublar. İran nəinki bizim hava məkanını pozub, həm də Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Buna cavab olaraq, ertəsi gün Pakistan İran daxilinə zərbələr endirib. Biz dəfələrlə İran hökumətini Pakistana qarşı olan bütün seqmentlərə qarşı tədbir görməsi barədə məlumatlandırmışıq, lakin İran heç vaxt bizə ətraflı məlumat verməyib. Buna görə də Pakistan separatçıları zərərsizləşdirmək üçün pilotsuz uçuş aparatları və digər döyüş sursatlarından istifadə etməklə zərbələr endirib”.

 

Ekspert qeyd edir ki, Pakistan hər hansı müsəlman ölkəsi tərəfindən təhdid olunsa belə, suverenliyini və ərazi bütövlüyünü güzəştə getməyəcək. O, İranın Pakistanın ərazi bütövlüyünə hörmət edərsə, yaxın zamanda münasibətlərin normallaşacağını bildirib.

 

“Hazırda diplomatik əlaqələr bir müddətdir dayandırılıb, sərhəd bağlanıb, lakin tezliklə hər şey normallaşacaq. Bizim aramızda heç bir mübarizə yoxdur, ancaq Pakistan və İran hakimiyyəti arasında müzakirə edilməli olan yanlış təsəvvürlər və anlaşılmazlıqlar var. Biz düşmən deyilik, dostuq, amma İranda bəzi qruplar bu dostluğu pozmaq istəyir.

 

İran bu vaxta qədər heç vaxt Pakistana hücum etməyib, onların bu hərəkəti niyə törətdiklərini bilmirik. Hər iki tərəf arasında anlaşılmazlıqlar müzakirə olunarsa, hər şey normallaşar.  Bu, hər hansı müsəlman ölkəsi tərəfindən təhdid olunsaq belə, suverenliyimiz və ərazi bütövlüyümüzdən güzəştə getməyəcəyimiz barədə bir mesajdır. Nəyin bahasına olursa olsun özümüzü müdafiə edəcəyik”.

Mənbə

Share: