“Qalib xalq olaraq prezident seçkilərində itirak etmək həm də mənəvi borcumuzdur”

“Ölkəmiz tarixinin növbəti mərhələsinə qədəm qoyur. Xalq və dövlət olaraq gələcək müqəddaratımızın müəyyən olunması üçün seçkilərinə gedirik. Prezident seçkiləri ölkənin gələcəyinin müəyyən olunması üçün ən mühüm seçimdi. Bu seçkiləri vacib və önəmli edən məqamlardan biri də müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimiz təmin olunub.  2020-cü ildə 44 günlük müharibə və keçən ilin sentyabr ayında keçirilən bir günlük antiterror əməliyyatı ilə dövlət və xalq olaraq qarşımıza qoyduğumuz böyük məqsədə çatdıq. Bununla da təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən 30 illik siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə yekunlaşdı”. 

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Ana Vətən Partiyasının Sədr müavini, politoloq Yalçın Hacızadə söyləyib.

 

O, qeyd edib ki, keçən əsrin 80-ci illərin sonunda bizim üçün yaradılan “Dağlıq Qarabağ” probleminin həlli ölkəmizdə keçirilən bütün tədbirlərin, o cümlədən seçkilərin əsas vasitəsi idi. Müstəqillik dövrümüzdə seçkilər natamam şəkildə, yəni dövlət suverenliyimiz pozulmuş halda keçirilirdi. Ona görə seçkilərdə əsas təbliğat “işğala son qoyulacaq, torpaqlarımız azad ediləcək” süarı üzərində qurulurdu. Eyni zamanda, dövlətin həyata keçirdiyi siyasi, iqtisadi, hərbi və mədəni tədbirlərin də arxasında işğal probleminin aradan qaldırılması planı dururdu. Yəni “Əsrin Müqaviləsi”, “Bakı – Tiblisi – Ceyhan”, “Bakı – Tiblisi – Qars”, TAP və TANAP  kimi beynəlxalq iqtisadi layihələrinin, “Avroviziya” mahnı müsahibəsi, “Avropa” idman oyunları, “İslam həmrəyliyi” oyunları, “Formula – 1” kimi  mədəni və idman tədbirlərinin həyata keçirilməsində məqsəd dövlətin gücləndirilməsi, inkişaf etdirilməsi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin dünyaya tanıdılması, müsbət imicinin formalaşdırılması, sivil, intelektli, multikultural və çoxmillətli cəmiyyət, müasir dövlət olmağımız təqdim olunması görünsə də, əsas niyyət “işğala son qoymaq, xalqı və dövləti qalibiyyətə, zəfərə çatdırmaq idi. 

 

Xarici siyasətdə erməni lobbisinin güclü təsirə malik olduğu dövlətlərlə və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi, ölkəmizin xeyrinə müsbət düşüncə formalaşdırılır, əks təsirin azaldılması üçün əlaqələr qurulub, alternativ beynəlxalq qrumlar öyrənilməklə ölkəmizin təsir imkanlarının artırılması üçün tədbirlər görülürdü.

 

Bunlardan ən bariz nümunə Qoşulmama Hərəkatı ilə bağlıdır. Qoşulmama Hərəkatına 120 üzv dövlət, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat var. Hərəkata qoşulma səbəblərindən biri də təşkila üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxarıla biləcək haqsız qərarların qarşısını almaq, beynəlxalq məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etməkdir. Bunun faydalarını biz 2020-ci ildə 44 günlük müharibənin gedişində və ondan sonrakı proseslərdə gördük. 

 

Yəni Azərbaycanı zəfərə çox şaxəli yol apardı. Biz 1991-ci ildə müstəqil ola bilsək də, ərazi bütövlüyümüz və suverenliyimiz itirdik. 1993-cü ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “uzaqgörən və məqsədyönlü” siyasət davam etdirilərək 2023-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin memarlığı ilə zəfərlə nəticələndi. 

 

Yalçın Hacızadə bildirib ki, indi regionumuzda yeni reallıqlar və imkanlar yaranıb. Bunun üçün yeni prinsiplərə əsaslanan ideologiya və dövlət siyasəti həyata keçirilməlidir. Eyni zamanda, xalqın arzusu və hüququdur ki, suveren ölkəsində seçkilər keçirərək, əldə olunanların qorunması və daha da inkişaf etdirilməsi üçün özünə rəhbər seçsin. Yəni 7 fevral Prezident seçkiləri ictimai və dövlət marağından irəli gəlir.

 

Seçkilər xalqın iradəsini bilavasitə ən yüksək səviyyədə bildirməsidir. Həmçinin, milli maraqlar ətrafında xalqın iradəsinin birləşməsində seçkilərin rolu böyükdür. Ümumi hüquq münasibətləri içərisində seçkilər xüsusi yer tutaraq hakimiyyətin formalaşmasında, demokratiyanın təmin edilməsində və dövlətin idarə olunmasına xalqın cəlb edilməsi  vasitəsi kimi çıxış edir. Yəni dövlət hakimiyyətinin yalnız xalqın iradəsi əsasında təşkil edilməsi və fəaliyyət göstərməsi cəmiyyətdə siyasi sabitliyə təminat verir, ictimaiyyətdə milli özünüdərketmə hissələrini inkişaf etdirir. 

 

Azərbaycan Respublikası vətəndaşlarının hakimiyyətin formalaşmasında, dövlətin idarə olunmasında iştirak etmək üçün seçmək və seçilmək hüququ var. Bu həm ölkə Konstitusiyası ilə həm də dövlətimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla təsbit olunub. Ona görə seçkidə iştirak etmək hüququ olan hər bir vətəndaşımız 7 fevralda keçiriləcək Prezident seçkilərində iştirak edərək, ölkəmizin gələcək inkişafına, qüdrətlənməsinə, sabitliyinə və təhlükəsizliyinə səs verməlidir. Hesab edirəm ki, xalqımız dövlətimiz üçün bu kriteriyaları təmin edən şəxsiyyətin, siyasi liderin kim olduğunu bilir. QALİB XALQ olaraq, QALİB LİDERİNİ, QƏLƏBƏNİN MEMARINI seçmək üçün 7 fevral Prezident seçkilərində iştirak etmək hər birimiz üçün həm də mənəvi borcudur.

Mənbə

Share: