Səhəri yüksək əhvali-ruhiyyədə açmağın 6 yolu

“Mürgülə” düyməsinə toxunmadan, zəngli saat çaldığı andaca oyanıb yataqdan çıxmaq… Bunu modern dünyanın bəlkə də əməl edilməsi ən çətin məsləhəti hesab etmək olar.

 

Bəzi qısayolların köməyilə səhərlərini daha aktiv keçirmək, günə enerjili başlamaq elə də çətin deyil.

 

Yuxudan tez oyan

 

Bəli, məhsuldar səhərlərin bir nömrəli təminatçısı məhz yuxudan daha erkən oyanmaqdır. Nəzərə alsaq ki, gecələr seriallardan ayrılıb normal saatda yuxuya getmək asan deyil, bu, ilk günlərdə, təbii ki, çətin gələcək. Bir neçə gün, dişini sıxmalısan. Hətta özünə 30 günlük erkən oyanma tapşırığı da qoya bilərsən. Bəs yaxşı yuxudan tez durmaq niyə bu qədər vacibdir? Əvvəla, bütün şəhər (və onun səs-küyü) oyanmadan əvvəl xırda işləri görüb bitirmək üçün səhər saatlarından ideal vaxt yoxdur. İkincisi, “gecikirəm” deyə biləcəyin bir vəziyyət də yaranmayacaq. Erkən oyanmaq — hər şeyə vaxtında çatmaq, təlaşa düşməməkdir.

 

Yatağını yığışdır

 

Bəli, tezdən yuxudan durduq, “mürgülə” düyməsinə də toxunmadıq. Geriyə dönüb yatağına həsrətlə baxmayasan deyə, o yatağı yığışdırmaq lazımdır. Elə etməliyik ki, yataq öz dağınıqlığı ilə bizi yenidən yatmağa geri səsləməsin. Səliqə-sahman, hər şeyin təmiz və yerində olması məhsuldarlıq üçün möhkəm bünövrədir. Yuxudan oyanan kimi yatağı yığışdırmaq ənənəsini özümüzdə bir meditasiya halına gətirməliyik. Gəlin razılaşaq ki, bu rejim bizim üçün kiçik, amma yüksək əhvali-ruhiyyə üçün böyük addım olacaq.

 

Limonlu ilıq su iç

 

Dişləri yuyub, ağzı yaxaladıqdan sonra, bir stəkan ilıq suya yarım, ya da bütöv limonun suyunu sıxıb iç. Bu suyun faydalarını saymaqla bitməz, amma biz yenə də bir neçəsini qeyd edək: limonlu su qaraciyər və böyrəkləri təmizləyir; bədəni C vitamini ilə təmin edir; tərkibindəki antikoksidantlar dərini təravətli və cavan saxlayır. Kiçik bir upucu: çalışın, limonlu suyu borucuq vasitəsilə içəsiniz, bu limondakı turşunun dişlərin mina qatını zədələməsinin qarşısını alacaq.

 

Yüngül idman elə

 

Yuxu zamanı xeyli aşağı düşən aktivlik, əzələlərə qan axışını zəiflədir. Odur ki, səhərlər yüngülvari hərəkət həmin əzələləri yenidən aktivləşdirəcək, canımızdakı “tənbəlliyi” silib aparacaq. Səhər günəşinin dolduğu otaqda idman etməyin verdiyi hiss nəyə desən, dəyər. Çox yox, onca dəqiqə buna vaxt ayır, nəticədə özünü daha canlı, daha enerji dolu hiss edəcək, yarıyuxulu sabahları geridə qoymuş olacaqsan.

 

Meditasiya et

 

Günə sakit başla start verməyin ən yaxşı yolu meditasiya hesab edilir. Meditasiyanın fiziki və mənəvi faydaları çoxdur. Fokusu artırır, stressi azaldır, emosional sabitliyi qoruyur, ümumi sağlamlıq problemlərinin qarşısını almaqda yardımçı olur. Meditasiya dünyasına uzaq birisənsə, asandan başla: diqqətini sadəcə üç dəqiqəlik nəfəs alıb-verməyə cəmləşdir: özünə rahat bir yer seçib otu; gözlərini bağla və nəfəsinə fokuslan; 4 saniyəyə nəfəs al; 4 saniyəyə də nəfəsini burax. Bu hərəkəti 3 dəqiqə boyunca tətbiq et. Ayağa durduqdan sonra özünü yenidən doğulmuş kimi hiss edəcəksən desək, heç də yanılmarıq.

 

Düşün və yarat

 

Çoxumuzun səhər rejimi telefonla başlayır. Sosial şəbəkələrə göz gəzdirmək, gələn məktubları cavablamaq, sürətlə axıb gedən xəbərləri izləmək və s. İnformasiya selinə özünü qapdırmazdan öncə, bir az düşün. İstehlak etmə, istehsal et. Yaradılanlarla tanış olma, özün yarat. Bu istənilən şey ola bilər: bloq məqaləsi cızmaqara etmək, rəsm çəkmək, yarımçıq qoyduğun hekayə və ya romanın bir fəslini yazmaq, video çəkmək və daha nələr. Yaradıcı rejimdə açılan səhərlər, yüksək məhsuldarlıqla keçən günün müjdəçisidir.

 

Mənbə

Share: