
“Görəsən, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyinin Azərbaycan qadınlarına oxşar sürprizlər etməyə təşəbbüskarlığı və pulu çatmazmı?..”
“Bildirmək istəyirəm ki, bu il ilk dəfə olaraq, martın 8-də ictimai nəqliyyatda, xüsusən də metro, bələdiyyə “MAN”, “Zhong-Tong”, “Gazelle City” avtobus və trolleybusları ilə səyahət edən qadınlar və qızlardan gediş haqqı tutulmayacaq”.
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə İrəvan bələdiyyəsinin prosessual sessiyasında İrəvan meri Tiqran Avinyan bildirib.
“Onu da qeyd etmək istərdim ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə və ondan sonrakı ayda İrəvan Bələdiyyəsi bu il müəyyən təşəbbüslərlə çıxış edəcək. O cümlədən bələdiyyənin nəzdində fəaliyyət göstərən strukturlarda çalışan 15 minə yaxın qadına müxtəlif mədəni tədbirlərə biletlər verilir”,- deyib.
Avinyan onu da əlavə edib ki, Milli Akademik Opera və Balet Teatrında keçiriləcək “Qayane” baletində iştirak etmək üçün Qarabağdan məcburi köçkün düşmüş ailələrdən müharibədə iştirak etmiş, həlak olmuş, əlil olmuş və itkin düşmüş qadınlara 1000-dən çox bilet veriləcək.
P.S. Düşmən ölkə olsa da, zərif cinsin bayramı üçün ibrətamiz bir tədbirlərdir. Görəsən, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyinin Azərbaycan qadınlarına oxşar sürprizlər etməyə təşəbbüskarlığı və pulu çatmazmı?..
S.Laçın