Şagirdlərin imtahan stresi: Valideynlər bunları etməlidir!

Azərbaycanda artıq qəbul imtahanları başlayıb. Ötən həftənin sonu 11-ci sinifdə oxuyan 43 mindən çox şagird imtahan prosesində iştirak edib.

 

İmtahan ərəfəsində şagirdlərə çətinlik yaradan əsas problem stresdir. Abituriyentlər üçün imtahan dövrü həqiqətən gərgin hesab olunur. Üstəlik valideynlərin onlara müdaxiləsi, seçimlərinə qarışması, gözləntiləri vəziyyəti daha da çətinləşdirir. Bu basqı və stres onların imtahan zamanı uğur qazanmasına maneə ola bilir. 

 

Uşaqların yüksək səviyyədə imtahan stresi yaşadığını necə anlaya bilərik?

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova deyir ki, əgər övladınızda düşüncələrini toplamaqda çətinlik çəkmə və fikirlərini ifadə edə bilməmə, sualları başa düşməkdə çətinlik, ürəyin sürətlə döyünməsi, əllərin titrəməsi, istilik basması, baş fırlanması, mədə bulantısı və baş ağrısı, gərginlik və əsəbilik, inamsızlıq və mənfi düşünmə, qorxu hissi və s. bu kimi əlamətləri müşahidə edirsinizsə, bu övladınızın imtahan həyəcanı keçirtdiyinin göstəriciləridir.

 

“Zəif çalışma vərdişləri, valideynlər tərəfindən hədəfin yüksək qoyulması, yaxın ətrafın və qohumların abituriyentlərdən mükəmməl nəticə arzusunun açıq şəkildə abituriyentə hiss etdirilməsi onlarda uğursuzluq qorxusu,imtahan fobiyası və özgüvən əksikliyinə səbəb olur.  Övladınız düşünməməlidir ki, imtahanda aşağı bal yığsam valideynlərim məni sevməyəcək və ya əksinə yüksək bal yığmaqla valideynlərimin sevgisini qazana biləcəm. Həmçinin, abituriyentlərə həyəcanı idarə etməyi öyrətmək, zamanı düzgün istifadə etməkdə köməklik göstərmək, imtahanın əsl mahiyyətini övladına başa salmaq, imtanın nəticəsindən asılı olmayaraq övladının əziyyətini mütləq dəyərləndirmək, övladına dəstək olmaq, özgüvənini artırmaq lazımdır.  Bu imtahanın nəticəsi nə olursa olsun övladınız sizin sevginizdən və dəstəyinizdən şübhə etməməlidir.  Bunun üçün valideynlər mütəxəssis psixoloqlara müraciət edərək dəstək ala bilərlər”.

Bəs imtahana bir gün qalmış abituriyentlər nə etməlidir?

 

Psixoloq bildirib ki, abituriyentlər ilk əvvəl oxumağı dayandırmalı, qorxularını, narahatlıqlarını kağıza yazmalı, əhval-ruhiyyəni şən saxlamalı valideynlər bu mövzuda dəstək olmalıdırlar:

 

“Özünə, qabiliyyətlərinə və imkanlarına inanmalı, bu inamı ilk növbədə valideyn aşılamalıdır, səhər gimnastikası etməli, düzgün nəfəsalma texnikasına əməl etməlidirlər”.

Mənbə

Share: