
İdrak liseyində “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festival keçirilib.
Açıq havada keçirilən tədbirdə Novruz Bayramı işğaldan azad olunmuş bölgələrimizin tarixi keçmişi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə birgə təqdim olunub. 5-9-cu sinif şagirdlərinin hazırladığı stendlərdə işğaldan azad olunmuş bölgələrimizin milli-mənəvi irsi nümayiş olunub.
Tədbir İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışovun açılış nitqi ilə başlayıb.
Tədbirdə Millət vəkilləri Tahir Rzayev, Ceyhun Məmmədov və jurnalist Jalə Həsənli çıxış ediblər. Onlar festival iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzulayıblar. Bildirilib ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.
Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrə baxış keçirilərkən qeyd olunub ki, təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı milli-mənəvi dəyərlərimizə, tariximizə, köklərimizə nə qədər bağlı olmağımızın bariz nümunəsidir.
Tədbirdə işğaldan azad olunmuş bölgərimizin milli-mənəvi dəyərlərinin təbliği, həmçinin onların təqdimatı və tariximizin zənginliyinin aşılanmasında göstərilən xüsusi əməyə görə şagirdlər münsiflər heyətinin qiymətləndirilməsi ilə müxtəlif nominasiyalar üzrə təltif olunublar.
Ən yaxşı təqdimat nominasiyası üzrə:
I yer – Şuşa şəhər komandası
II yer – Zəngilan rayon komandası
III yer – Cəbrayıl rayon komandası
Qarabağ komandası– “Ən zəngin məzmunlu tarixi fakt” nominasiyası
Ağdam rayon komandası– “Ən yaxşı dekorasiya” nominasiyası
Kəlbəcər rayon komandası– “Ən yaxşı komanda ruhu” nominasiyası
Füzuli rayon komandası– “Ən yaxşı təqdimat” nominasiyası
Qubadlı rayon komandası– “Folklor və milli adət-ənənələr” nominasiyası
Laçın rayon komandası – “Gənc nəsil və milli dəyərlər” nominasiyası
Novruz bayramı ölkəmiz və xalqımız üçün yalnız bayram deyil, eyni zamanda, vüqarımızın rəmzi, milli soykökümüzün parlaq nişanəsi, keçmişimizin obrazlı ifadəsi, gələcəyimizin mayakıdır. Novruz bizim varlıq düsturumuzdur, əbədiyaşarlıq salnaməmizdir, azadlıqsevərliyimizdir, mübarizliyimizdir.
Artıq bütöv Azərbaycana ilk bahar gəlir!
Elimizin, obamızın, ölkəmizin bayramı mübarək olsun!