“Tonqaldan hoppananda yandım, uşaqlar parikimi, kosanın saqqalını götürüb qaçdı”- 45 yaşlı keçəl-FOTO+ÖZƏL

“1996-cı ildən bu günə qədər Novruz bayramlarında kosa kimi fəaliyyət göstərirəm. Dövlət tədbirlərində, televiziyalarda, konsertlərdə çıxış etmişəm. Özüm də bahar fəslində anadan olmuşam. 45 yaşım var, amma mənə o yaşı verən yoxdur. Bir aktyor olaraq bu obrazı yaşatmaq mənə xoşdur. Çünki bizim işimiz insanların üzündə gülüş yaratmaqdır. Tədbirlərdə bizi geyimimizdən, görkəmimizdən tanıyırlar. Çünki ən-ənəvi kosa-keçəl biz, yəni Qafar Novruzlu və mən olmuşam”

 

Bunu Moderator.az-a açıqlamasında keçəl obrazının ifaçısı Vaqif İbrahim deyib. O daha sonra əlavə edib.

 

“Son illər kosaya, keçələ maraq azalıb. Bu bəlkə də tək bizə yox, həm də Novruz bayramına marağın azalması ilə əlaqədardır. Ümid edirəm ki, bu maraq artar. Çünki bu təbiətin oyanışıdır, küsülülərin barışığıdır. Bu obrazları sevən də var, sevməyən də. Bəyənən də var, bəyənməyən də. Ulu öndər Heydər Əliyevlə də, cənab prezidentimiz İlham Əliyevlə də görüşmüşük. Bizi bəyənib dövlət tədbirlərinə dəvət ediblər. Bakı Dövlət Sirkində də çalışıram. Bu səhnədə Çarli Çaplin obrazını oynayıram. Tamaşaçılar maraqla gəlib soruşur ki, siz keçəl deyildiniz, necə Çarli Çaplin oldunuz?!” deyə keçəl deyib.

 

Vaqif İbrahim Novruzda başına gələn hadisələrdən də danışıb.

 

“Bir televiziyanın Novruz çəkilişində idik. Mənə gətirib keçi dərisindən kürk verdilər. Rejissor dedi ki, mütləq bunu geyinməlisən. Hava da soyuq idi, isti olsun deyə geyindim. Gecə çəkilişi idi, tonqal qalanıb, hamı da iş başındadır. Kosa dedi ki, mən tonqaldan hoppanıram, sən də gəl. Tonqaldan hoppananda yandım. Kosa qışqırdı ki, yanırsan. Tez kənara çəkildim. Vaxt edib əynimdəki kürkü də çıxara bilmədim. Bir dəfə də qızların qabağında kosa ilə çiy yumurtanı döyüşdürüb, gülüş hədəfinə çevrilmişik. Elə bilmişik ki, bişmiş yumurtadır. Sən demə çəkiliş üçün görüntü xatirinə belə ediblər. Bir dəfə də səhnədə kosa kəfkiri elə vurdu ki, barmağım şişdi. Hələ uşaqlarla da maraqlı əhvalatlarım olub. Gəlib parikimi başımdan çıxarıblar. Saçım o qədər tərləyib ki, hiss etməmişəm bunu. Bir də görürəm ki, uşaqlar gülür. Kosa gəlib deyib ki, parikini çıxarıblar. Uşaq gətirib parikimi qaytarıb. Yaxşı ki, qaçırtmayıb. Bir dəfə də kosanın saqqalını dartıb qaçıblar” deyə aktyor bildirib.

Mənbə

Share: