Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Milletinsesi.az-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində ötən günlərə nisbətən zəifləmə müşahidə olunsa da, yenə də sürətli külək rejiminə uyğun qiymətlər qeydə alınıb. Günəş küləyinin sürəti ortalama 600 km/san təşkil edib, oktyabrın 27-də isə 672 km/san olmaqla hesabat dövrü üçün pik həddinə çatıb.
Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4).

Proqnoz dövründə (28 – 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin cari rejimə, yəni sürətli külək rejiminə uyğun qalacağı proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (30 oktyabr) CH HSS effektinin geoeffektivliyi səbəbindən parametrlərin yenidən güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 – 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə fəal şərait (Kp=4) müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.

Share: