
İranın nüvə obyektlərinə endirilən zərbələr və nüvə sahəsində çalışan alimlərinin öldürülməsindən sonra, ölkə faktiki olaraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) üzvü olmaqdan çıxıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd TASS agentliyinə bildirib.
“Hesab edirəm ki, biz faktiki olaraq NPT-dən kənarda qalmışıq. Bizi həm Agentlikdən, həm də NPT-dən kənarlaşdırıblar. Bu, çox vacib məqamdır. Bizim əlavə bəyanatlar verməyimizə ehtiyac yoxdur, sadəcə qərar qəbul edə bilərik. Qərara gəldikdə isə, ictimai rəyimiz bu cür mülahizələrə əsaslanaraq NPT-dən çıxmağı tam dəstəkləyir”, – deyə deputat İranın müqavilənin 10-cu maddəsində nəzərdə tutulan qaydada sazişdən çıxması ehtimalını şərh edərkən bildirib.
Deputatın izahına görə, nüvə obyektlərinə endirilən zərbələr və nüvə alimlərinin öldürülməsi nəticəsində İslam Respublikası faktiki olaraq “NPT-dən kənarlaşdırılıb”.


