Belçikanın baş naziri vəzifəsində fransızdilli liberal Çarlz Mişeli ölkənin indiki müvəqqəti hökumətində büdcə məsələləri üzrə nazir Sofi Vilmes əvəz edib. Beləliklə, Vilmes Belçika tarixində ölkədə hökumətinə başçılıq edəcək ilk qadın olub. Çarlz Mişel isə ümumavropa strukturlarında yeni işə başlamaq üçün yer-yığış edir.
Milletinsesi.az xəbər verir ki, bu haqda qərar ölkənin əsas nazirlərinin iştirak etdiyi iclasda qəbul olunub və dünən axşam elan edilib.
Çarlz Mişel Avropa Şurasının prezidenti vəzifəsinə keçməsi ilə əlaqədar cümə günü baş nazir vəzifəsindən istefa verdiyini elan edib. 44 yaşlı Vilmes isə, dünən yeni baş nazir kimi and içib.
Vilmes andiçmə mərasimindən dərhal sonra jurnalistlərə deyib: “Mən gündəlik məsələlərdə sabitliyi və siyasətin varisliyini təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəm”.
Sofi Vilmes universiteti bitirəndən sonra Avropa Komissiyasında işləyib, dörd il bundan əvvəl Belçika hökumətində federal nazir təyin edilib. Vilmesin bu ali hökumət vəzifəsində nə qədər qalacağı hələ məlum deyil. Bu, davam edən danışıqların nəticəsindən asılı olacaq, lakin həmin danışıqlar nəticəsində Vilmesin yeni koalisiyalı hökumətdə baş naziri olacağı istisna edilmir.
Sofi Vilmesdən sonra boş qalmış büdcə məsələləri üzrə nazir vəzifəsini Devid Klarinval tutacaq.