İsrailə hücumdan əvvəl İran və ABŞ Türkiyə vasitəsi ilə qarşılıqlı mesajlarını çatdırıb

İsrailə hücumdan əvvəl İran və ABŞ arasında Türkiyə vasitəsi ilə dialoqun aparıldığı üzə çıxıb.

 

Bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda əksini tapıb.

 

Qeyd edilib ki, yaşanan hadisədən öncə İran və ABŞ rəsmiləri ilə müzakirə aparılaraq tərəflər təmkinli olmağa çağırılıb: “Ölkəmiz vasitəsilə tərəflərin qarşılıqlı gözləntiləri, mesajları çatdırılıb, reaksiyaların mütənasib olması üçün lazımi təşəbbüslər həyata keçirilib. Bu gün də biz İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə mesajlarımızı açıq şəkildə çatdırırıq, gərginliyə son qoymağa çağırırıq. Biz regionumuzun sabitliyinə daimi ziyan vuracaq və qlobal səviyyədə daha böyük münaqişələrə səbəb olacaq prosesin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır”.

 

Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb.

 

Xatırladaq ki, “Reuters” də İsrailə hücumdan əvvəl İranın Türkiyə vasitəsi ilə bu barədə ABŞ-ı məlumatlandırdığı və əməliyyatın Dəməşqdəki konsulluğuna hücuma cavab olacağı, mülki əhalinin və iqtisadi zonaların hədəf alınmayacağı barədə mesajını çatdırdığı barədə xəbər yayıb.

 

Qeyd edək ki, bu gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian qonşu ölkələrin 72 saat əvvəl İsrailə hücum barədə məlumatlandırıldığını da açıqlayıb.

 

Aprelin 13-dən 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

Mənbə

Share: