Prezidentlər Şuşada- Fotolar

Prezidentlər Şuşada- Fotolar

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

Millətin Səsi.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verdi.

İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü – Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.

Share: