
Minskə qarşı sanksiyalar qüvvədə qaldığı müddətdə, Belarus Avropa İttifaqına gedən qeyri-qanuni miqrantları saxlayaraq onlara heç bir güzəşt etməyəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bildirib:
“Mən onlara açıq şəkildə dedim: siz məni sanksiyalarla boğursunuz, boynuma ilmək salmısınız, bəs mən sizi qorumaq üçün niyə kimisə saxlamalıyam? Bu sanksiyalardan əvvəl vəziyyət fərqli idi”, – deyə o bildirib.
“Siz sanksiyalar tətbiq etdiniz və bizi boğmağa başladınız. İndi isə məndən bu siyasəti davam etdirməyimi istəyirsiniz? Bu suala birmənalı cavabım budur: biz heç kimi saxlamayacağıq”.
Lukaşenko qeyd edib ki, məhz Avropa ölkələri miqrantları öz ölkələrinə dəvət edirlər.
“Üstəlik, onları ora dəvət edən elə siz özünüzsünüz. İnsan resurslarınız çatmır, sizdə bu çatışmazlıq var. Onlar sizə gəlirlər, çünki siz onları çağırmısınız. Elə isə, onları qəbul edin və onlar üçün insani şərait yaradın”, – deyə Belarus lideri vurğulayıb.


