Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə

Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə

Elşad Məmmədli yazır…

10 aydan çoxdur Azərbaycan-Rusiya münasibətlərində müəyyən – bəlli gərginlik vardı. Əlbəttə, rəsmi Bakı heç zaman konflikt tərəfdarı, törədicisi olmayıb və heç vaxt da yaxın-uzaq ölkələrlə münasibətləri korlaya biləcək addımlar atmayıb.

Prezident İlham Əliyev daim elə bir mükəmməl xarici siyasət yürüdüb və yürüdür, xarakterindən irəli gələn elə səmimi addımlar atır, davranışlar sərgiləyir ki, kimsə onun hakimiyyəti dövründə ali rəhbərimizə, ölkəmizə qarşı münasibətləri korlamaq baxımından zərrə qədər giley edə bilməyib.

Əksinə, Azərbaycan lideri yüksək nüfuzu ilə dəfələrlə müxtəlif ölkələrin arasındakı narazılıqların, kiritikə doğru gedən anlaşılmazlıqların aradan qaldırılması üçün təşəbbüskar qismində barışdırıcı missiya daşıyıb.

Məsələn, ötənlərdə azı iki dəfə Rusiya-Türkiyə münasibətlərindəki gərginlik məhz İlham Əliyevin təşəbbüsü, barış təklifləri və vasitəçiliyi ilə aradan qaldırılıb. Azərbaycan lideri eləcə də illər öncə az qala müharibə həddinə gəlib çatmış Türkiyə-İsrail münasibətlərini tənzimləməyə nail olmuşdu…

Cənab Əliyev barış içində, firavan yaşamağın alternativi olmadığını dəfələrlə bəyan edib və onun siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz budur.

Ancaq təəssüflər olsun ki, Azərbaycan nə qədər səmimi, dürüst davranışlar sərgiləsə də, zaman-zaman müəyyən dövlətlərin qərəzli münasibətlərinə məruz qalmışıq. Bu da onların ya tarixi mahiyyətindən, ya da hansısa maraqlarından qaynaqlanıb. Bütün bunlara rəğmən yenə də cənab İlham Əliyev həmin dövlətlərlə münasibətləri tənzimləmək üçün bütün mümkün addımları atıb. Həmçinin dəfələrlə bəyan edib ki, Azərbaycanla hədə-qorxu ilə danışmaq, bu yolla ona təzyiq göstərmək mümkün deyil. Yeganə yol səmimi əməkdaşlıqdır…

Ötən ilin dekabrından bəri isə qonşu Rusiya ilə kəskin münasibətlər yaranmışdı. Səbəbkar əlbəttə, şimal qonşumuz idi.

2024-ci il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəmizin Mahaçqala yaxınlığında səmada Rusiya qüvvələri tərəfindən atəşə tutulması, qəza enişi imkanı da verilməməsi səbəbindən hava laynerinin Aktau limanı yaxınlığında qəzaya uğraması, bundan sonra rəsmi Moskvanın çərçivələrə sığmayan mövqe sərgiləməsi olmuşdu.

Azərbaycan tələb edirdi ki, Rusiya təyyarəmizin vurulmasına görə məsuliyyəti səmimi şəkildə öz üzərinə götürsün, kompensasiya ödəsin və günahkarlar cəzalandırılsın.

Burada vacib incə bir məqamı vurğulayaq: Prezident İlham Əliyev ilk vaxtlardan çıxışlarında demişdi, habelə son olaraq avqust ayında ABŞ-yə səfəri zamanı “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışarkən bildirmişdi ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür: “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.

Rusiya düz 10 ay inad etdi, bu müddətdə münasibətləri müstəqillik dövrümüzdə demək olar, ən kiritik həddə çatdırmağa səbəbkar oldu.

Hesab edirəm, bu, Kremlin məhz Azərbaycana hansısa qisasçılıq məqsədindən, planından irəli gəlmirdi, yaxud hansısa qorxulu ssenarilər mövcud deyildi. Baxmayaraq ki, Azərbaycanda bəzi naşı müxalif politoloqlar, siyasətçilər müxtəlif utopik fərziyyələr də irəli sürürdülər, deyirdilər ki, RF ölkəmizə qarşı gözlənilməz təxribatlar törədə bilər və s. Cəmiyyəti bununla bağlı yanlış yönəltməyə çalışır, təşvişə səbəb olan rəy formalaşdırırdılar. Bunu bilərəkdənmi, bilməyərəkdənmi edirdilər, bu, başqa mövzudur…

Habelə Rusiyada da radikal yönümlü, təxribatçı, müəyyən qədər ermənipərəst, “erməni ağızlı” ekspertlər – Marqarita Simonyan, Vladimir Solovyov, Konstantin Zatulin və digər bir neçə şovinistlər münasibətlərin daha da korlanması üçün ən sərsəm açıqlamalarla çıxış edirdilər…

Onlar elə fon yaratmaq istəyirdilər ki, sanki Rusiya-Azərbaycan münasibətləri heç zaman normal məcrasına düşə bilməz, hətta belə zənn edirdilər ki, Kreml onların axmaq konsepsiyaları, çağırışları üzrə hərəkət edəcək.

Düzdür, Rusiya uzun müddət doğru olanı, gərəkəni etmədi. Ancaq bu, bəzilərinin iddia etdiyi kimi, Kremlin ölkəmizlə bağlı hansısa məkrli planlarının mövcudluğuna dəlalət etmirdi.

Sadəcə, daim özünü ən yekə imperiya və ya onun varisi sanıb, çoxlarına üstdən aşağı baxıb. İndiyədək Rusiya xeyli sayda ölkənin təyyarəsini vurub, bu kimi digər hadisələr törədib. Azərbaycan onun rəsmən strateji tərəfdaşı olsa da, buna dair 2022-ci ilin fevralında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalansa da, Bakıya qarşı da tarixi “ənənəsi” üzrə davranmaq istəyirdi.

Ancaq Azərbaycan liderinin qətiyyətli, sərrast, master siyasəti nəticəsində Rusiya tərəfi – konkret desək, Prezident Vladimir Putin mümkün praqmatik davranışlar göstərməyin, yanlış ənənələr üzrə getməməyin ən doğru variant olduğunu bilərək, məhz bu cür mövqe tutdu.

Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşündə Putin faktiki olaraq rəsmi Bakının – cənab Əliyevin əlaqələrin bərpası, normal qonşuluğun, dostluğun, tərəfdaşlığın davam edə bilməsi üçün münasibətlərin gərginləşməsinə səbəb olmuş təyyarə qəzası ilə bağlı irəli sürdüyü bütün haqlı şərtlərin yerinə yetiriləcəyini rəsmən bəyan etdi. Başqa sözlə, Putin bununla demiş oldu ki, münasibətlərin öz müsbət məcrasına dönməsi üçün lazımi addımları atacaq.

Azərbaycan Rusiyadan istədiyini aldı. Bu, həm də o deməkdir ki, qarşıda biz Bakı-Moskva münasibətlərində pozitiv çalarlar, yaxın qonşuluq, dostluq münasibətlərinin inkişafının bərpasını görəcəyik və görməliyik. Buna artıq əngəl yoxdur…

Sözsüz ki, Putin naşı siyasətçi deyil və o, fərqindədir ki, Azərbaycanla dostluq münasibətləri çərçivəsində davam etmək optimal variantdır.

Azərbaycan Cənubi Qafqazda tam yeni reallıqlar yaratmış ölkədir. Bu reallıqlarla artıq Fransa belə razılaşıb. Ötən həftə İlham Əliyevlə görüşündə Fransa Prezidenti Emmanuel Makronun verdiyi, Azərbaycana münasibətdə pozitiv açıqlama da bunu sübut edir.

Avqust ayında isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi paraflanıb, Zəngəzur dəhlizi ilə bağlı müqavilə imzalanıb.

Faktiki yeni dünya düzəni üzrə bölgəmizdə Azərbaycanın lokomotivliyi ilə çox ciddi bir proses gedir. Rusiya kimi nəhəng bir qonşunun da normal münasibətlər daxilində bu proseslərdə iştirakı ona və digər tərəflərə mühüm dividentlər qazandıra bilər. Bunun üçün isə təbii ki, Azərbaycanla ikitərəfli münasibətləri qaydasına salmağın vacibliyini Kreml rəhbərliyi fərq edib.

Azərbaycan liderinin bu gedişatda da həm siyasi, həm şəxsi keyfiyyətlər baxımından necə müdrik bir şəxs olduğunu bir daha gördük. O, Putinə təzyiqçi tərəf olduğu görüntüsünü yaratmaqdan uzaq dayandı, Düşənbə görüşündən iki gün əvvəl telefonla danışdı, təmas zamanı isə Rusiya lideri ilə olduqca səmimi və ağayana davrandı. V.Putini utandıra biləcək hər hansı fikir belə işlətmədi və yekunda ona mövqeyinə görə təşəkkür də etdi.

Əliyev həmçinin işarə etdi ki, böyük siyasi anlamda keçmişdə ilişib qalmaq olmaz, siyasət və dövlətlərarası münasibətlər, milli maraqlar baxımından əlaqələr inkişaf etməlidir. Sitat: “İkitərəfli münasibətlər bütün istiqamətlərdə yaxşı dinamika ilə inkişaf edir: heç bir sahədə ləngimə və ya geriləmə müşahidə olunmur”.

Beləliklə, pozitiv və arzuolunan nəticəyə çatmışıq: Rusiya ilə gərgin dövr bitdi, yeni səhifə açılır, mühüm mərhələ başlayır.

Ağıllı, dövlətini və xalqını sevən hər kəs buna ancaq sevinməlidir.

Ümid və arzu edirik ki, Rusiya qarşıda praqmatik olacaq, əməkdaşlıqlar maksimum sürətlənəcək, gələcəkdə kritik dönəm bir daha yaşanmayacaq…

Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə

Share: