Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verildi. Yeni monitorinq vergi risklərini vergi orqanına əvvəlcədən açıqlamaq imkanı yaradır. Bu isə o deməkdir ki, səyyar vergi yoxlamalarının keçirilməsi yalnız istisna hallarda mümkün olacaq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Praktik olaraq, yeni qaydalar səyyar yoxlamaların sayını daha da minimumlaşdıracaq. Bütövlükdə, son illər səyyar yoxlamaların sayının azalması müşahidə olunur. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Səyyar yoxlamaların sayı 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5 dəfə azalıb.
Yeni monitorinqdə vacib məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Yeni dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanıbsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə 25% maliyyə sanksiyası tətbiqi nəzərdə tutulur.
Vergi orqanı “üfüqi monitorinq”in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək. Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi ilə vergi risklərinin azaldılmasıdır. Maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək “üfüqi monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt metodu ilə hesablamaq seçiminin verilməsi də nəzərdə tutulur.
Avtomatlaşdırılmış uçotu aparan və daxili nəzarət sisteminin tətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşula bilərlər. Bu, həmçinin orta və iri ödəyicilərlə vergi orqanları arasında şəffaf əməkdaşlıq mexanizmi kimi xarakterizə olunur”, – o bildirib.


