Pezeşkian nə düşünür, bu qətliamı necə dayandıracaq?

Pezeşkian nə düşünür, bu qətliamı necə dayandıracaq?

İran Prezidenti Məsud Pezeşkian xalqa son müraciətində ilk günlərdə haqlı tələblər irəli sürən etirazçı dükan sahibləriylə hazırki etirazçıları fərqləndirib. Prezident bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğulayıb: “Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək”.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, dükan sahiblərinin həmin görüşdən və verilən vədlərdən razı qaldıqlarına dair məlumat yoxdur:

“Həmçinin verilən vəd yerinə yetirilməyəcəksə, tümən sürətlə dəyərdən düşməkdə davam edəcəksə, sahibkarlar yenə etiraz edəcəklər. Çünki vəd verməklə deyil, İran indiki siyasətlə sanksiyalardan qurtula bilməyəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatının dərin problemləri həll olunmayacaq.

Məsud Pezeşkian müraciətinin ikinci hissəsində düşmənlərin mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd etdiyini vurğulayıb. Dövlət başçısı silahlı şəxslərin şəhərləri qarışdırdıqlarını və onların İrana aid olmadığını vurğulayıb. Prezident vəziyyədən çıxış yolu kimi bunları deyib: “Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil”.

Ali dini lider iğtişaşları törədənlərə qarşı kəskin mübarizə aparılmasını tələb edib, başqa sözlə, onların öldürülməsi təlimatını verib. Prezident isə valideynlərə övladlarını iğtişaşçılardan uzaq tutmağa səsləyib. Nə ali dini lider, nə də Prezident bu çağırışlarla dərinləşən münaqişəni həll edəcəklər. Prezident ailələrdən xahiş edib ki, övladlarına nəzarət etsinlər. Bu, prezident səviyyəsində həm də onun etirafıdır ki, ölkə gəncləri etirazlarda fəal rol oynayır. Bəs prezident morqlarda övladlarını axtaran valideynləri necə sakitləşdirəcək? Görəsən prezident internetin kəsilməsiylə öldürülənlərin sayının artması barədə nə düşünür?”

Share: