Aİ Trampla Qrenlandiya məsələsini danışıqlar yolu ilə həll etmək istəyir

Aİ Trampla Qrenlandiya məsələsini danışıqlar yolu ilə həll etmək istəyir

Avropa liderləri Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampın bu məsələdə qələbə qazandığını iddia etməyə imkan verəcək razılaşma əldə etməyə çalışırlar.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Politico” diplomatlara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, müzakirələr Trampın ABŞ-ın Qrenlandiyaya “lazım olduğu” və onu zorla ələ keçirməyi istisna etmədiyi barədə son açıqlamaları fonunda daha da güclənib.

“Politico” qeyd edib ki, Avropa liderləri ABŞ prezidenti ilə qarşıdurmadan daha çox yaxınlaşmağa üstünlük verirlər və NATO çərçivəsində Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi, eləcə də ABŞ-a faydalı qazıntıların hasilatı ilə bağlı güzəştlərin verilməsi yollarını nəzərdən keçirirlər.

Çərşənbə günü Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və onun qrenlandiyalı həmkarı Vivian Motzfeldt Ağ Evdə ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident JD Vens ilə görüşəcəklər.

Prezident Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bəyan edib. İlk prezidentlik dövründə o, adanı satın almağı təklif etdi və 2025-ci ilin martında onun ilhaq oluna biləcəyinə əmin olduğunu bildirdi.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq müdafiə müqaviləsi imzaladılar. Müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən müdafiə etməyi öhdəsinə götürdü.

Share: