28 yaşlı bu azərbaycanlı balası – Bəhlul Mustafazadə ən azı daha bir dəfə, bax elə dünənki oyundakı kimi, son saniyələrdə vacib qol vurub “Qarabağ”ın uğur qazanmasına səbəb olmuş, onun Avropa yolunu uzatmışdı.
Dünənki matçdakı “Qarabağ” iradəsinin, mübarizliyinin, Qurban Qurbanovun dəyənət və mətanətinin təsiri ilə həmin o matçı təzədən yada salmaya bilmirəm. Və əlbəttə, bu matçdan əvvəl vikinqə oxşayan bir norveçli cənabın yüksək əda və qətiyyətlə mənə dediklərini:
“Bu axşam komandanıza 4 qol vuracağıq!”
Düzdür, axşamın axşam olmasına hələ neçəsə saat vardı, o mənə “sizə 4 qol vuracağıq” deyəndə günorta idi. Amma artıq günorta da deyil, səhər o başdan bütün yerli norveçlilər elə o vikinqə oxşayan qardaş kimi oyunun hazırlığına başlamış, özlərini qələbəyə kökləmişdi.
Moldedəydim. Norveçin 30 minlik balaca bir şəhərində. Bütün küçələri yerli “Molde” klubunun bayraqları bəzəmişdi: mağazaların vitrinlərini, restoranların qarşısını, evlərin eyvanlarını. Və futbol adına bu nümunəvi mənzərəni görəndə ani olaraq fikrə dalmağa başlamışdım. Mirzə Babayev sanki qəbirdən çıxıb dipdiri qarşımda dayanmış və məşhur filmimizdəki o unudulmaz sözləri təkrarlamışdı: “Əgər o əjdaha varsa, bəs o əjdahadan niyə bizdə yoxdur?”
Amma onda həm də onu qəbul etmişdim ki, əslində əjdahanı əjdaha edən heç də bir futbol klubunun bayrağını vitrinlərə, restoranların qarşısına dikmək, eyvanlarda göstərmək, “sizə 4 qol vuracağıq” demək deyilmiş.
Əjdahanı əjdaha edən yaralı vətən torpağının hər qarışına sancdığın bayraq imiş! O yaraları üçrəngli bayrağınla sağaltmaq imiş.
Və onda o bayrağın kölgəsi altındakı insanlar Norveçin 30 minlik balaca şəhərinə gəlmişdilər. 8-10 dərəcə şaxtanın altında isə o bayrağı təmsil edən futbolçular “Qarabağ”ın adı ilə oyuna çıxmışdılar.
Biz isə tribunada oturub təkcə oyuna baxmırdıq, həm də tir-tir titrəyirdik. İsti kofe kömək etmirdi. Qaynar çay kömək etmirdi. Stadionun restoranında verilən 40 dərəcəlik viski kömək etmirdi. Tribunada ədyala bürünüb oturmağımız da kömək etmirdi.
Amma sonda uğur kömək etdi.
Vurduğumuz qollar kömək etdi.
Bəhlul kömək etdi. 90+5-ci dəqiqədə öz cərimə meydançasından ta rəqibin cərimə meydançasına kimi şığıyıb qol vurdu, “Qarabağ”a vacib olan 1 xalı qazandırdı (2:2). Avropada “Braqa” ilə pley-off, “Bayer”lə 1/8 final matçlarının bönövrəsini qoydu.
Dünən Bəhlul yenə son saniyələrdə – bu dəfə “Ayntraxt”a qol vurub “Qarabağ”a ilk dəfə alman klubları üzərində vacib qələbə qazandırdı.
Həm də Çempionlar Liqasında.
Çempionlar Liqasına həm də Əjdahalar Liqası deyirlər. Futbolun əjdahalarının.
Amma bizim futbol cırtdanlarla doludur. İllər keçir, onilliklər keçir böyümürük, böyüyə bilmirik. Ya bəlkə böyümək istəmirik? Və bu yığının içində hələlik (bəlkə də həmişəlik) qəddini dik tuta-tuta irəliləyən yalnız onlardır – “Qarabağ”dır.
Həm də odur. Qurban Qurbanov.
Həm özü böyüyən, həm də bəhlulları, elvinləri böyüdən adam!
Aydın Bağırov



