Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.
Millətin Səsi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, müəyyən edilib:
– dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək:
– nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək;
– nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.
Dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, bu qərarda göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.


