Gündəmi zəbt eləyən uşaq pulu məsələsi daim müzakirə mövzusu olmaqla bərabər hamını “bezdirib”. Uşaq pulunun verilməsi də bir bəla, verilməməsi də..
Verilməsi verilməsindən daha çox zərərlidir.
Allah sovet hökumətinin evini yıxsın; uşaq pulu verirdi, 10-dan çox uşaq dünyaya gətirənə qızıl medal, ev verirdi. Ona görə o vaxt 5 uşağı olana sonsuz deyilirdi. Hamı bəhsə girmişdi, hətta 17-20 uşaqlı ailələrə də rast gəlinirdi. Sovet hökuməti dağıldı, uşaq pulu və dövlət təminatı kəsildi, çoxuşaqlı ailələr çətin duruma düşdülər.
Biz ailədə 11 uşağıq, anama bürünc medal verildi, sovet hökuməti dağılmasayadı, qızıl medal və ev veriləcəkdi. Dağıldı, çatmadıq.
Evdə hərəyə bir iş verilirdi; biri toyuq-cücəni yemləyir, bir şum vurur, biri oduna gedir, biri tövləni təmizləyir, biri çəpər edir, biri qoruqları gözətləyir, biri xalça toxuyur, biri qap yuyur, biri təndiri yandırırdı. Lənətə qalmış iş bitmirdi ki, bitmirdi. Axşamlar da pambıq və yun təmizləyirdik. Bizim təndirdə demək olar ki, hər gün çörək bişirdi, ən az iki tapaq. Onun odununu zorla çatdırırdıq.
Dərslərimi ya oduna gedəndə eşşək üstə, ya da qoyun dalınca düşəndə oxuyardım. Bir də axşamlar hamı yatandan sonra.. Bəzən də traktorla uzun yol gedəndə.. Bildiyiniz zülm. Səhər yuxusuna həsrət qalmışdıq. Xəstələnəndə də ayaq üstə sağalardıq. Bir samovar, bir çaynik çay bir dəfəyə çatmırdı. Çay süzəndə həm stəkanı, həm də nəlbəkini ağzına qədər doldurardıq. Çünki ikinci stəkana çay çatmırdı. Lazım idimi? Allah uşaq pulu verənin evini yıxsın, uşaq pulu verilməsəydi, valideynlərim uzağı iki uşaq dünyaya gətirəcəkdi, bəlkə, mən heç dünyaya gəlməyəcəkdim, nə də o məşəqqətləri görməyəcəkdim.
Təsəvvür edin ki, qışın soyuğunda atamla traktorla harasa gedəndə atam yolda böyüklərdən kimi görsəydi, məni kabinadan trakorun arxasına keçirərdi. Arxada dəmirdən tutanda əlim buzlayırdı, amma dinə bilməzdim.
Öz odunlarımızı doğrayırdıq, sonra qonşuya kömək üçün göndərərdilər. Öz qoruqlarımızın otunu bicirdik, sonra da başqalarına köməyə gedirdik.
Müstəqil dövlət olandan sonra quruluş dəyişdi, uşaq pulları kəsildi. Təyinatlı iş yerləri ləğv edildi. Dövlət müsqilləşəndən sonra ailələr də “müstəqilləşdi”, dövlətin himayəsi ləğv edildi. Hərə öz ailəsini dolandırmaq məqsədilə arana “tapka, pamığa” üz tutdu. Bəziləri daş karxanalarına, bəziləri aran zonasına “dəryaza” getdilər. Dolanışıq əvvəlkindən daha da çətinləşdi.
Uşaq pulu veriləndə atamızın üzünü aylarla görmürdük. Atam yol idarəsində işlədiyi üçün çox vaxt kəndlərdə yol təmizləyirdi. Dövlətin verdiyi uşaq pulu və həyətdə saxladığımız təsərrüfat çətin də olsa bizə yetirdi. Xan kimi yaşamasaq da, günümüzü keçirirdik.
Müstəqil olanda atam da işini itirdi, uşaq pulu da kəsildi. Köhnə DT-75 traktorumuz var idi, bir az da mal-qara. O da böyük qardaşımın problemlərinə getdi. Mən həmin vaxt yenicə ali məktəbə qəbul olmuşdum. Sıfıra düşdük; ikinci kursa qədər evdən qəpik-quruş gəlirdi, o da kəsildi. Elə günə düşdüm ki, bütün qohum-əqraba evindən qovdu. Kasıbdan hamı üz döndərir, kasıblıq çox pis şeydi. Kəndə gedəndə evə çatmamış qonşular qışqırırdı: “Gəldi, pul hazırlayın”. Şəhərdə qohum-əqraba məndən qaçırdı ki, pul istəyəcək. Hətta ikinci kursda intihar etməyə qərar verdim. Yuxuma rəhmətlik Mirxas dayı girdi:
“Oğlum özünü öldürmə, lotereyada udacaqsan”,- dedi. O yuxunu görməsəydim, indi bəlkə də həyatda yox idim.
Bir az özümə gələn kimi də ailənin bütün problemlərini aldım çiynimə. Parovoz kimi gücüm çatdı-çatmadı nə qədər “vaqon” var idi, hamısını qoşdum özümə. Qara tüstü verə-verə bu günə gəldim. Böyük ailə, bəzən qohum- əqrabanın problemləri, gəldik 48-ə; can da getdi, həyat da.. Allah uşaq pulu verənlərin evini yıxsın, bir gün belə özümçün yaşamadım.
Rayon əhalisinin demək olar ki, çoxu eyni taleyi yaşayıb. Böyük qardaşlarımın 50-dən çox yaşları var, hələ evlərini tam qurtarmayıblar. Atam 74 yaşında arzusunda tutduğu evinə yarımçıq köçdü, heç orda bir il yaşamadı. Digər bacı-qardaşlarım da çətinliklə yaşayır. Məni 14 il işlədiyim yerdən məndən bir yaş böyük olan birisi ixtisara saldı. Uşaq pulu olmasaydı, bu qədər çox olmazdıq, çox problemimiz də olmazdı.
İndi uşaq pulu yoxdu, evlənənlər hərə ya bir, ya da iki uşaq dünyaya gətirirlər, pis, yaxşı dolanırlar. Ya da heç evlənmirlər.
Bəkirqızı düz deyir: “Bu məmləkətdə uşaq pulu istəmək kişiyə xas olan hərəkət deyil”.
Fəhləsi 500 manat, fəhlənin vəkilinin 9 min alan məmləkətdə uşaq pulu istəmək də, uşaq dünyaya gətirmək də kişilik deyil. Vətəndaşı ömür boyu gecə-gündüz işləyi, bir evi ərsəyə gətirə bilməyən, məmuru əli cibində 12 milyard talayan məmləkətdə uşaq pulu istəmək kişiyə yaraşan iş deyil. Kiçik yoxlamada istirahət elədiyi evlərinin birindən 17 milyon çıxan məmurun yaşadığı məmləkətdə dövlətdən uşaq pulu istəmək kişiyə xas hərəkət deyil. Özünü ehtiac ucbatlndan yandıran qazisinin olduğu məmləkətdə uşaq dünyaya gətirmək utancveridir.
Talıb Əhədov


