Moldova əhalisinin yarıdan çoxu hazırkı hökumətin Rumıniya və NATO-ya qoşulmaq planının əleyhinədir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Kişineu şəhərində fəaliyyət göstərən IMAS institutu sorğu keçirib.
“İyul ayında aparılan sorğu göstərir ki, moldovalıların 33%-i Rumıniya ilə birləşməni dəstəkləyir, 54%-i buna qarşı çıxır, 13%-i isə qərarsızdır. Bir ay əvvəl birləşməni dəstəkləyənlər 34%, əleyhinə olanlar 55%, qərarsızlar isə 11% təşkil edirdi. NATO-ya üzvlük məsələsinə gəldikdə, respondentlərin 24%-i bunu dəstəkləyib (iyunda bu göstərici 25% idi), 58%-i isə alyansa qoşulmağın əleyhinə olub (bu rəqəm əvvəlki ayla müqayisədə dəyişməz qalıb). Daha 18% isə dəqiq cavab verə bilməyib (əvvəlki göstərici 17% idi)”, – deyə tədqiqatda qeyd olunub.
Sorğu iyulun 10-dan 20-dək 1015 respondent arasında keçirilib və xəta payı 3,1% təşkil edib.
Prezident Maya Sandu, parlamentin sədri İqor Qrosu və hökumətin bir sıra nazirləri daha əvvəl Rumıniya vətəndaşlığına malik olduqlarını açıqlayıb və mümkün referendumda qonşu ölkə ilə birləşmənin lehinə səs verəcəklərini bildiriblər. Moldovanın konstitusiyası daimi bitərəflik prinsipini nəzərdə tutsa da, Sandu və onun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik Partiyası” NATO-ya üzvlüyü dəstəkləməyə və fəal şəkildə təbliğ etməyə davam edirlər.


