Yollarda hərəkət zamanı bəzi sürücülər və sərnişinlər tərəfindən avtomobildən tullantıların atılması hələ də müşahidə olunur.
Millətin Səsi.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu cür davranış həm yol mədəniyyətinə ziddir, həm də ətraf mühitin çirklənməsinə və əlavə təhlükələrin yaranmasına səbəb olur. Qanunvericiliyə əsasən, avtomobildən tullantı atan şəxslər inzibati məsuliyyət daşıyırlar.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, avtomobildən hər hansı bir tullantının yol kənarına və ya hərəkət hissəsinə atılması həm yol mədəniyyətinə, həm də ekoloji normalara zidd davranış hesab olunur;
“Bu yolların natəmiz vəziyyətə düşməsinə və digər hərəkət iştirakçıları üçün narahatlıq yaratmasına səbəb olur. Qanunvericiliyə əsasən, sürücü və ya avtomobildə olan sərnişin tərəfindən hər hansı məişət tullantısının avtomobildən bayıra atılmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulur. Əgər avtomobildən atılan tullantı tütün məmulatıdırsa, məsələn, siqaret kötüyü və ya digər yanan tütün məhsulu, bu halda inzibati məsuliyyət daha ağırdır və 300 manat cərimə tətbiq edilir. Xüsusilə yay aylarında avtomobildən atılan yanan siqaret kötükləri yol kənarındakı quru otlaq sahələrində yanğınların baş verməsinə səbəb ola bilər. Buna görə də sürücülər və sərnişinlər yalnız yol hərəkəti qaydalarına deyil, həm də ətraf mühitin qorunması ilə bağlı tələblərə ciddi əməl etməli, tullantıları yalnız bunun üçün nəzərdə tutulmuş qablara atmalıdırlar”.


