Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.
Milletinsesi.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni məzmunla zənginləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.


