Bakı Orta Asiyaya açılır – biznesmenlər üçün FÜRSƏT

Bakı Orta Asiyaya açılır – biznesmenlər üçün FÜRSƏT

Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında bütün səviyyələrdən olan əlaqələr sürətlə inkişaf edir. Azərbaycan bu regionda öz mövqelərini möhkəmləndirir, bu münasibətlər artıq çoxdan strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu sırada Qırğızıstanın da xüsusi yeri var”.

Bu sözlər Milletinsesi.az-a prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri ilə bağlı sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Qırğız Respublikasına səfəri münasibətlərdə yeni bir səhifənin açılmasına səbəb olub: “Münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr son illərdə sürətlə genişlənir. Bu gün iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və nəqliyyat-tranzit imkanlarının inteqrasiyası iqtisadi gündəliyin əsas sütunlarını təşkil edir”.

Professor qeyd edib ki, son bir neçə ildə iki ölkə arasındakı ticarət dövriyyəsində nəzərəçarpan artım dinamikası qeydə alınıb: “Azərbaycan Qırğızıstana əsasən neft və neft emalı məhsulları, kimya sənayesi malları, tikinti materialları, qida və kənd təsərrüfatı məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac olunur. Qırğızıstandan Azərbaycana isə əsasən kənd təsərrüfatı məhsulları tekstil və geyim, elektrik avadanlıqları ixrac edilir. İki ölkə arasında investisiya əməkdaşlığını genişləndirmək məqsədilə nizamnamə kapitalı ilkin olaraq 25 milyon ABŞ dolları məbləğində müəyyən edilmiş və növbəti mərhələlərdə 100 milyon ABŞ dollarına çatdırılması nəzərdə tutulan Birgə İnvestisiya Fondu yaradılıb. Fondun vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulan əsas layihələr Mərkəzi Asiya regionunda və Azərbaycanda sənaye, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, nəqliyyat və logistika sahələrini əhatə edəcək”.

Qeyd edək ki, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilib. Həmçinin, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.

Bundan başqa, hər iki ölkənin sahibkarları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasının, ixrac imkanları barədə məlumat mübadiləsinin və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin həyata keçirilməsinin fəal şəkildə təşviq edilməsi yolu ilə iqtisadi-ticari və sərmayə əməkdaşlığının gələcək inkişafı üzrə zəruri tədbirlərin görülməsi, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dolları məbləğinədək artırılması, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərin verilməsi, eyni zamanda, Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkilinə dair tapşırıqlar verilib.Müsavat.com

Share: