Diaspor Gənclərinin VII Yay Düşərgəsinin üçüncü günü iştirakçılar üçün həm maarifləndirici, həm də mənəvi baxımdan yaddaqalan tədbirlərlə zəngin olub. Günün proqramı çərçivəsində düşərgə iştirakçıları ilk olaraq filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadənin Azərbaycan dili dərsinə qatılıblar.
Milletinsesi.az xəbər verir ki, dərs zamanı xaricdə yaşayan və müxtəlif ölkələrdə təhsil alan diaspor gənclərinin ana dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan dilinin düzgün istifadəsi, dilimizin zənginliyi və milli kimliyin qorunmasında rolu barədə geniş məlumat verilib. İştirakçılar interaktiv müzakirələrdə fəal iştirak edərək, uzun illər xaricdə yaşamalarına baxmayaraq ana dillərini daha da təkmilləşdirmək istiqamətində yeni bilik və bacarıqlar əldə ediblər.
Azərbaycan dili dərsindən sonra düşərgə iştirakçıları “Lachin Events Hall”-da təşkil olunan günün ilk panelində iştirak ediblər. “Zəfəri yaşadanlar, sabahı yaradanlar” adlı panel şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları ilə keçirilən səmimi görüşlə yadda qalıb.
Panelin moderatoru Vəsilə Zeynalova olub. Tədbirdə şəhid anaları və müharibə iştirakçıları öz həyat hekayələrini, Vətən uğrunda canından keçən övladlarının qəhrəmanlıq yolunu, eləcə də Zəfər tariximizin yazılmasında göstərilən şücaət nümunələrini gənclərlə bölüşüblər.
Paneldə şəhid Rəşad Mirzəzadənin anası Afidə Mirzəyeva, şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, şəhid Mikayıl Həmidlinin anası Lalə Həmidova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, eləcə də mayor Elgün Talıbov çıxış edərək Vətən sevgisi, qəhrəmanlıq, milli birlik və gənclərin üzərinə düşən məsuliyyət barədə fikirlərini bölüşüblər.
Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycanın qazandığı tarixi Zəfər minlərlə qəhrəmanın şücaəti, şəhidlərimizin fədakarlığı və xalqın birliyi sayəsində mümkün olub. Gənclərə bu irsi qorumağın, milli-mənəvi dəyərlərə sadiq qalmağın və yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyin vacibliyi çatdırılıb.
Diaspor gəncləri paneldə əllərində üçrəngli Azərbaycan bayraqları ilə iştirak edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, Qarabağ fatehlərinə minnətdarlıqlarını ifadə ediblər. Tədbir boyunca duyğulu anlar yaşanıb, iştirakçılar şəhid ailələrinin çıxışlarını böyük diqqət və hörmətlə dinləyiblər.
Günün proqramı diaspor gənclərində vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi, milli kimlik şüurunun gücləndirilməsi və Azərbaycanın tarixi Zəfərinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi yadda qalıb.Modern.az
Nicat Rüstəmzadə


