Tramp Kanada ilə ticarət müharibəsində uduzur

Tramp Kanada ilə ticarət müharibəsində uduzur

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münaqişəsində uğursuzluğa düçar olur, çünki Ottavaya yönəlmiş təhdidlər və təzyiqlər effekt verməyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalının məlumatı yayıb.

Jurnal qeyd edir ki, Kanadanın iqtisadiyyatı ABŞ-ınkından xeyli kiçik olsa da, onun hökuməti daha rasionaldır və ticarət münaqişəsi zamanı milli maraqları qoruya bilir. Kanada Baş naziri Mark Karni Trampdan daha populyardır və kanadalılar Vaşinqtona olan inamsızlıq ətrafında birləşiblər. Eyni zamanda, Amerika ictimaiyyəti artan dövlət borcu, yüksək faiz dərəcələri və enerji böhranı ilə üz-üzədir.

“The Atlantic”in vurğuladığı kimi, müharibələrdə təkcə gücün deyil, həm də dözümlülüyün rol oynadığı faktını qəbul edə bilməməsi Trampın İranla müharibədə məğlubiyyətinə səbəb olub və onun ticarət münaqişələrində uduzmasının əsas səbəbidir.

Ticarət nümayəndəsi Ceymison Qrir daha əvvəl bildirmişdi ki, Kanada hökuməti Vaşinqtonun ABŞ üçün sərfəli hesab etdiyi sazişi rədd edib və şənbə günü bəzi Kanada mallarına tətbiq edilən 50 faizlik ABŞ gömrük rüsumları qüvvəyə minib. Karni geniş yayılan bəyanatında ABŞ ilə ticarət danışıqlarını dayandırdığını təsdiqləyib. O bildirib ki, Ottava işçiləri və biznesləri qorumaq məqsədilə sentyabrın 8-dən etibarən cavab tədbiri olaraq rüsumlar tətbiq edəcək.

Share: