Hər il ata evini ziyarətə gedirəm, getməz olaydım. Orda olan acı mənzərələr insana əzabdır. Bağlı qapılar, sönmüş arzular, köhnəlib uçmaq təhlükəsində olan tərk edilmiş yurdlar….Hələ də köç davam edir. 10 il çəkməz kənd tam xarabalığa çevriləcək. Niyə axı? Cavanları başa düşdük, qocalar niyə?
Səbəblərin bəziləri:
Çaydan daş götürsən, ekoloqlar çökür sinənə, həyətində kol kəsirsən polis çökür sinənə.. Baş vermiş, gülməli və ağrıdıcı hadisələrin bəzilərini sadalayacam.
Kəndə yas məclisinə getmişdim. Kənd sakinlərindən biri həyətinə maşınla düşüb həyətdən əsas yola qalxanda maşın çıxmayıb. Yol qırağndan bir az torpaq qazıb yolun kələ-kötürlüyünü düzəldirmişlər ki, polis o dəqiqə çöküb sinəsinə; yol qırağını qazmaq üçün ekologiyadan icazə almalısan. İcazə almadığın üçün 2000 manat cərimə olunacaqsan. Vətəndaş yalvar-yaxar 20 manatla canını qurtarıb.
Züvüç kənd sakini yolu düzəltmək üçün çaydan daş yığıb gətirəndə polislər yolda qabağını kəsib “cəzasını” veriblər.
Bülüdül kənd sakini həyətində quru ağac kəsirmiş ,onu da çağırıb rayona “dərsini” veriblər.
Üç gün əvvəl yenə kənddə yas düşmüşdü, getmişdim. Ən çox hörmət elədiyim, zəhmətkeş qonşularımızın birinin də yaxın günlərdə kəndi tərk edəcəyini eşitdim. Yas məclisində yaxınlaşdım:
– Qonşu, eşitdim, sən də köçürsən?
Dedi:
-Artıq kəndə yaşamaq mümkün deyil.
Qaz yoxdur, odun gətirməyə qoymurlar. Heyvanlara ağacdan yarpaq tökməyə imkan vermirlər. Əkin sahəsində kolları təmizləsən, cərimələyirlər. Meşədən Allahın böyürtkənini yığırsan cərimələyirlər. Xəstələnsən, bir dənə tibb işçisi yoxdur ki, sənə iynə vursun. Nəvəm sinifdə tək uşaqdır. Gah sinfin tək uşağı kimi gah yuxarı, gah da aşağı siniflərlə oturur. Artıq hamı bezib.
Dedim niyə şikayət etmirsiz?
Dedi:
-Bu yaxınlarda başçı qəsəbə nümayəndəliyində iclas keçirirmiş. Olanları camaat deyib. Polislər deyib ki, bizdə günah yoxdur, 102-yə şikayət gedir, biz də gəlirik.
Dedim:
-Bu qədər nadanlıq olmaz ki!? Sən böyürtkən yığırsan, şəklini çəkib polisə atırlar?
Dedi: Orasını deyə bilmərəm. Bizim başqa yolumuz qalmayıb. Tək çarə buraları tərk etməkdir. Şəhərə gedəndə də Yardımlı polisləri imkan vermirlər ki, rahat gedəsən.
Düzdür, kənddə olanda bir dənə də polis qarşıma çıxmadı. Hadisələri danışanlar da heç biri adlarının çəkilməsini istəmədilər. Qayıdanda ,həqiqətən, Yardımlı polislərinin bütün maşınların yoxlandığını gördüm. Sanki Yardımlıda ciddi karantin rejimi var.
Ailə bilmirlər, böyük bilmirlər, hamını saxlayırlar. Əsasən, qayıdanda baqajı yoxlayırlar. Dünyanın heç yerində belə şey yoxdur. Avropada dövlət sərhədini keçəndə əcnəbiləri belə bu cür yoxlamırlar.
Düşdüm polislərə dedim ki, cənub bölgəsi belə şeylərə görə cəhənnəmə dönüb. Bildirdi ki, bura İranla sərhəddir!
Dedim:
-Bizim işlərin öhdəsindən layiqli formada gələn sərhədçilərimiz var. Ucdan tutma hamının maşınını saxlamaq ,məncə, əlavə narahatlıqdır.
Dedi: Get, işinlə məşğul ol.
Bizim işimiz haqsızlığı demək, gizlədilmiş ədalətsizlikləri aşkara çıxarmaqdır. Bizim işimiz dövlətimizə xidmətdir, Prezidentimizi siyasətinə kölgə salan istənilən şəxslə mübarizə aparmaqdır. Kənlini sıxmayın.
Talıb Əhədov


