Rusiya Yaponiyadan orta və qısa mənzilli raketləri buraxmaq üçün nəzərdə tutulmuş ABŞ-ın yerüstü “Typhon” raket sistemlərini öz ərazisindən çıxarmağı tələb edib.
Millətin Səsi.az xəbər verir bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat şərhində qeyd edib: “Sentyabrın 3-də Moskva Yaponiya tərəfinə orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş ABŞ-ın yerüstü ‘Typhon’ sistemlərinin Kyuşu adasında yerləşdirilməsi ilə bağlı etiraz notası təqdim edilib. Sənəddə xüsusi vurğulanıb ki, Yaponiya arxipelaqında bu tip silahların yerləşdirilməsinin milli təhlükəsizliyə, regional sülh və sabitliyə yaratdığı təhlükələrlə bağlı narahatlıqlarımızı izah edən Rusiya tərəfinin dəfələrlə etdiyi müraciətlərə və xəbərdarlıqlara baxmayaraq, Tokio növbəti dəfə belə bir addım atıb”.
Rusiya XİN-in sözçüsü əlavə edib: “Biz vurğuladıq ki, Yaponiyanın bu sistemləri öz ərazisində yerləşdirməsi – müddətindən və ya yerləşdirmə üsulundan asılı olmayaraq – heç bir bəhanə ilə qəbuledilməzdir. Yaponiya tərəfi bu təcrübəyə son qoymağa və sözügedən sistemləri öz ərazisindən çıxarmağa çağırılıb”.


