ABŞ və İran öz dolaylı danışıqlarında münaqişənin həlli üzrə təklif olunan planın icra mexanizmi və təminatların müzakirəsi mərhələsinə keçiblər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı yüksək vəzifəli bir mənbəyə istinadən məlumat yayıb.
Telekanal həmin mənbənin sözlərini belə sitat gətirib: “ABŞ və İran arasında dolaylı danışıqlar planın icra mexanizminin və təminatların verilməsi məsələsinin müzakirəsi mərhələsinə daxil olub”.
Mənbənin məlumatına görə, vasitəçilər artıq Vaşinqtonun cavabını İranın xarici işlər naziri Abbas Araqçiyə çatdırıblar. Mənbə bildirib ki, İran tərəfindən təklif olunan yeddi günlük planın irəliyə aparılması üçün “əhəmiyyətli düzəlişlər” tələb olunur. Müzakirə olunan əsas məsələlər razılaşmaların icra ardıcıllığı və ilk addımı hansı tərəfin atacağı ilə bağlıdır.
Daha əvvəl “Reuters” agentliyi məsləhətləşmələrdən xəbərdar olan bir rəsmi şəxsə istinadən xəbər vermişdi ki, Araqçi çərşənbə axşamı axşam saatlarında Dohada Qətər vasitəçiləri ilə görüş zamanı İranın təklif etdiyi etimadın möhkəmləndirilməsi planına dair ABŞ-ın cavabını alıb. Onun çərşənbə günü Tehranda həmin təklifləri müzakirə edəcəyi gözlənilir.


