Ailə başçısını itirmiş şəxslərin əmək pensiyası ilə təmin olunması üçün qanunvericilikdə bir sıra şərtlər müəyyənləşdirilib.
Millətin Səsi.az xəbər verir ki, ailə başçısını itirməyə görə əmək pensiyası vəfat etmiş və ya həlak olmuş şəxsin müəyyən ailə üzvlərinə təyin edilir. Pensiya hüququ ailə üzvünün yaşından, əmək qabiliyyətindən və ailə başçısının himayəsində olan şəxslərin vəziyyətindən asılı olaraq müəyyənləşdirilir.
Belə ki, vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Həmçinin 18 yaşına çatana qədər əlilliyi müəyyən edilmiş və 18 yaşından yuxarı əlilliyi olan övladlara da bu pensiya təyin edilə bilər.
Əyani təhsil alan övladlar isə təhsilləri davam etdiyi müddətdə, lakin ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər.
Ata, ana, ər və arvadın da belə pensiya almaq hüququ yarana bilər. Bunun üçün onların qanunla müəyyən edilmiş pensiya yaşına çatması və ya orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi tələb olunur.
Bundan başqa, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, ər və ya arvad, baba, nənə, qardaş və bacı vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxırsa və işləmirsə, onların da ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yarana bilər.
Pensiyanın təyin edilməsi üçün vətəndaş Dövlət Sosial Müdafiə Fondunun regional filialına və ya DOST mərkəzlərinə şəxsən, etibarnamə üzrə nümayəndə vasitəsilə, həmçinin elektron qaydada müraciət edə bilər.
Pensiyanın məbləği vəfat etmiş ailə başçısının fərdi hesabında toplanmış pensiya kapitalı və digər sığorta göstəriciləri əsasında müəyyən edilir. Minimum əmək pensiyası 320 manatdır.
Ailə başçısını itirməyə görə əmək pensiyası qanunla müəyyən edilmiş şərtlərin mövcud olduğu müddətdə ödənilir. Pensiya yaşına çatmış şəxslərə isə bu pensiya ömürlük təyin edilir.
Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən şəxslərin isə xüsusi hallarda ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ yarana bilər.
Qaynarinfo


