Qazaxıstanda saxlanılan “Navai” ləqəbli azərbaycanlı reper (əsl adı Nəvai Bəkirov) iki ay müddətinə həbs edilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reper Qazaxıstanda narkotik qaçaqmalçılığı işi üzrə həbs olunub.
Oktyabrın 14-də hüquq-mühafizə orqanları Nəvai Qazaxıstana daxil olarkən onun avtomobilində narkotik maddələr aşkar edib. Repçinin Astanada konsert verməsi planlaşdırılırdı. Atlas adlı xidməti it avtomobildə qadağan olunmuş maddələri tapıb. Həmin vaxt maşında Nəvai ilə yanaşı, sürücü də daxil olmaqla daha üç nəfər olub. İddialara görə, repçi dindirmə zamanı narkotikləri Bişkekdən aldığını etiraf edib.
“SHOT” teleqram kanalının məlumatına görə, reperlə birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Onlar artıq sərbəst buraxılıblar.
“Mash”ın məlumatına əsasən, sənətçi saxlanıldığı zaman “Mercedes” markalı avtomobili özü idarə edib. Nəvai barəsində Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə də tədbir görülə bilər. Həmin maddə narkotik təsiri altında avtomobil idarə etməyə görə sürücülük hüququndan 7 il müddətinə məhrumetmə və 15 sutka inzibati həbs nəzərdə tutur.
Qeyd edək ki, daha əvvəl saxlanılan repçinin anası oğluna böhtan atıldığını iddia edib.


